Kolumbiyada narkotik təcarətinə qarşı yerli hökumət tərəfindən görülən tədbirlərin lazımi nəticə verməməsi bu ölkənin rəsmilərini çətin vəziyyətdə qoyub.
Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, narkobaronlarla mübarizədə lazımi uğur qazana bilməyən Kolumbiya hökuməti, ABŞ-dan hərbi dəstək istəyib. ABŞ isə öz növbəsində narkotacirlərlə mübarizədə Kolumbiya ordusuna dəstək məqsədi ilə təhlükəsizlik qüvvələrinə yardım üçün xüsusi qrup göndərməyə razılıq verib.
ABŞ hərbçiləri yerli təhlükəsizlik bölmələrinə təlim keçəcək, onlara daha effektiv mübarizə üçün məsləhətlər verəcək, maddi-texniki və kəşfiyyat dəstəyi göstərəcəklər.
Məlumat üçün qeyd edək ki, Kolumbiyaya göndəriləcək ABŞ hərbçilərinin 2018-ci ildə oxşar missiya ilə Əfqanıstanda fəaliyyət göstərdiyi bildirilir. ABŞ əsgərlərinin Kolumbiyada hansı tarixə qədər qalacağı məlum deyil. Ekspertlər hesab edir ki, hər şey aparılacaq birgə mübarizənin nəticəsindən asılı olacaq.
Xatırladaq ki, Kolumbiya bütün dünyada narkotik ticarətinin geniş yayıldığı ölkələrdən biri hesab edilir.
Seymur ƏLİYEV