Qarşıdan 4 iyun qiyamının 27-ci ildönümü gəlir.
Maraqlıdır, bu qiyamın
Qarabağ müharibəsinin taleyinə hər hansı təsiri olubmu? Gəncə qiyamı olmasaydı,
o zaman proseslərin inkişafı necə bir yön alardı?
Moderator.az-a açıqlama
verən AXP sədri Pənah Hüseyn Gəncə qiyamının Qarabağ problemini Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini əngəllədiyini vurğuladı:
“1993-cü ilin iyun ayının
birinci və ikinci ongünlüyündə böyük sülh sazişinin imzalanması gözlənilirdi. Bu
saziş və ona əlavə olunan sənədlərə görə 20 iyunda Kəlbəcər azad olunurdu. Sonrakı
40 gün ərzində isə Azəbaycanın ərazi bütövlüyü gözlənilməklə, habelə Dağlıq
Qarabağda yaşayan ermənilərə özünüidarəetmə muxtariyyəti verilməklə müharibə
qurtarırdı.
Bu saziş 26-27 may tarixlərinə
imzalanmışdı. Iyunun 14-də qondarma Dağlıq Qarabağ “Respublikası”nın parlamenti
tərəfindən də qəbul edilmişdi. Artıq o vaxt qiyam başlamışdı. Ermənilər şərt
qoydular ki, vəziyyət aydınlaşandan sonra bu plan işləməyə başlasın. Sonrakı hadisələr
isə aydındır. Yəni 4 iyun qiyamı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
1993-cü ilin yayında həllinin qarşısını aldı. Əslində qiyamçıların hərəkətinə ən
ciddi qiymət bu baxımdan verilməlidir.
Mənim dediyim məsələlər istər
Rusiya, istər Ermənistan mətbuatında öz əksini tapıb. Mən bu məsələdə özümün də
rəhbərliyində təmsil olunduğum o zamankı Azərbaycan hökumətinin də məsuliyyətini
qəbul edirəm. Bizim hakimiyyət olaraq borcumuz bu qiyamın ümumiyyətlə
başlanmasına imkan verməmək, onun qarşısını almaq idi. Buna nail olsaydıq, o
zaman Qarabağ probleminin 1993-cü ilin yayında Azərbaycanın ərazi bütövlüyü çərçivəsidə
həlinə nail ola bilərdik”.
Seymur ƏLİYEV