Son vaxtlar Böyük Britaniya mətbuatında Azərbaycanın sabiq məmurları, bu məmurların İngiltərədə malik olduqları böyük səvətlə bağlı ciddi məqalələr yer almaqdadır. Maraqlıdır, istər sabiq, istərsə də hazırda yüksək vəzifələrdə təmsil olunan məmurlarla bağlı xarici və yerli mediada yer alan bu kimi informasiyaların araşdırılmasına, həmin vəsaitlərinin mənbəyinin aydınlaşdırılmasına ehtiyac varmı? Bu istiqamətdə dövlət olaraq konkret addımlar atılmalıdırmı?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev belə bir araşdırmanın aparılmasının zəruri olduğunu vurğuladı:
“Belə bir araşdırmanın aparılmasına böyük ehtiyac var. Bu sərvətlərin hamısı Azərbaycanın sərvətləridir. Bu sərvətlərin sahibi isə müxtəlif məmurlar, onların övladları və ya digər yaxın ətraflarıdır. Onlar böyük cinayət işlədərək bu vəsaitləri ölkədən çıxarıblar.
Biz 1992-ci ildə bununla bağlı uğurlu bir addım atdıq. Konstitusiya səviyyəsində bir qanun qəbul etdik. Məqsəd o idi ki, ölkədən qeyri-qanuni şəkildə çxıarılan vəsaitlərin mənbəyi soruşulmadan investisiya kimi ölkəyə cəlb edilsə, o zaman bu vəsaitlərə görə cinayət işi açılmasın. Məncə bu addımı atmaq lazımdır. Mən araşdırma aparmadığım üçün dəqiq bir rəqəm deyə bilmərəm. Amma belə ehtimal edirəm ki, ölkəyə gətirilən vəsaitin üçdə biri ortada yoxdur.
Dəniz suyunu içən susuzluğa doymadığı kimi bu şəxslər də var-dövlət əldə etdikcə, sərvətə doymurlar. Onlar əsl yırtıcıdırlar. Bu adamlar çox vaxt öz yaxın ətraflarına da kömək etmirlər ki, bunların böyük pullara sahib olduğu bilinməsin. Guya bunsuz insanlar onları görmür, necə bir sərvətə malik olduqlarını görmürlər. Dəvəquşu kimi başlarını kola soxan bu adamlar bədənlərinin çöldə qaldığını anlamırlar.
Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalı, ölkədən qanunsuz şəkildə çıxarılan bu vəsaitlərin geri qaytarılması, qanunu pozan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımlar atılmalıdır”.
Seymur ƏLİYEV