Azərbaycan tarixində müəyyən rol oynayan 4 iyun Gəncə hadisələrinin 27-ci ili tamam olur. Bununla bağlı bir neçə gün əvvəl saytımıza müsahibə verərkən dövrün milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər bir sıra ilginc faktlar söyləyib. Belə faktlardan biri də o dövrdə Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniyanın baş nazir Pənah Hüseynlə görüşdə ölkəmizə qarşı açıq təhdidlərlə çıxış etməsi məsələsidir.
O zaman Azərbaycanın Baş naziri olmuş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sözügedən faktla bağlı Moderator.az-a açıqlama verib. Həmin hadisənin aydınlaşdırılması ilə bağlı sualımızı cavablandırarkən Pənah Hüseyn deyib ki, Sülhəddin bəyin konret hansı hadisəni nəzərdə tutduğunu deyə bilmərəm, ancaq o zaman Rusiyanın Azərbaycanda qalan sonuncu hərbi hissəsinin rəhbərliyi ilə böyük mübahisələrimiz olmuşdu:
“Gəncədə sonuncu Rusiyanın 221-ci dviziyası çıxmamışdan əvvəl onun komandanlığı ilə bizim bir söhbətimiz olmuşdu. Bu, Gəncədə və təxminən 1993-cü ilin aprelində baş tutmuşdu. Səfir Valter Şoniya da orada iştirak etmişdi. Diviziya hələ köçməmişdi və onun rəhbərliyi ilə bununla bağlı müəyyən danışıqlar gedirdi.
Bizə məlum olmuşdu ki, aprel ayında onların manevr təlimləri olmalı imiş və orada onların mütəxəssisləri də iştirak etməli idi. Bu barədə tam detalları ilə danışmağa ehtiyac görmürəm hazırda.
Bizim kəşfiyyatın əlinə rusların həmin manevrinin planı keçmişdi və həmin manevrə görə, təlimdə vurulan hədəflər bizim döyüş mövqelərimiz olmalı idi. Ona görə də bu məsələnin üstündə orada böyük mübahisə olmuşdu və səfir də o zaman bu mübahisədə iştirak etmişdi. Yəni biz daha çox diviziyanın rəhbərliyi ilə mübahisə etmişdik.
Sonralar səfir Valter Şoniya bir müsahibə vermişdi. Orada o belə bir ifadə işlətmişdi ki, dövlət katibi Pənah Hüseyn orada bir mübahisə yaratdı, isterika ortaya çıxardı. Onun belə bir ifadəsi var idi. Ola bilər ki, Sülhəddin bəy də bu hadisələri nəzərdə tutur”.
P. Hüseyn əlavə edib ki, o zaman həmin səfirin Rusiyada “PostFaktum” adlı qəzetdə bir müsahibəsi çıxmışdı. Bu müsahibə tərcümə edilib “Azadlıq” qəzetində də çap edilmişdi:
“Səhv etmirəmsə, bu da aprel ayında olmuşdu. Orada səfir Azərbaycanın daxili işlərinə qarışan ifadələr işlətmişdi. Yəni, Azərbaycanda hakimiyyət kimlərin əlindədi, mənim də adımı hallandırmışdı. Düzdü, səfir o vaxt rəsmi məktub yazaraq belə bir müsahibə vermədiyini bildirmişdi. Bunun da üstündə onunla bizim aramızda, belə demək mümkünsə, müəyyən gərginlik yaşanmışdı.
Bu, təhdiddən çox birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilirdi. Azərbaycanın o vaxtkı prezidenti haqqında, daxili işlər naziri haqqında, siyasi rəhbərlik haqqında müxtəlif fikirlər söyləmişdi.
Onu da deyim ki, mən o zaman Rusiyaya səfərlər edirdim və dövrün xarici işlər naziri Kozırevlə görüşürdüm. Kozırevin Azərbaycana münasibəti Rusiya hərbi rəhbərliyindən fərqlənirdi və bizdə məlumat vardı ki, Kozırevlə səfir V.Şoniyanın münasibətlərində problem var”.
“Həmin hadisələrin əsas fiquru olan Surət Hüseynovun son müsahibələri ilə tanışsınızmı, orada sizin də adınızı hallandırıb” sualına cavabında Pənah Hüseyn qeyd edib ki, Surət Hüseynovun son müsahibələrinin bəziləri ilə tanış olmuşam, o, yeni bir şey deməyib:
“Hələlik belə bir niyyətim yoxdu, ancaq ehtiyac yaransa, ona bir tutarlı cavab verəcəm. Doğrusu onun nədən danışdığı hələ mənə məlum deyil. İstənilən adamın danışmaq hüququ var, heç kimin ağzını qapatmaq olmaz. Ancaq hər kəs də danışdığının məsuliyyətini bilməlidi”.
Taleh