Məlum olduğu kimi, ABŞ-dakı etirazlar genişlənməkdə davam edir. Polislə yanaşı, ordu hissələrinin də cəlb edildiyi aksiyalar zamanı ölən və yaralıların olduğu bildirlir ki, itkilərin qarşıdakı günlədə əhəmiyyətli dərəcədə artacağı ehtimal edilir. Polis və ordu hissələrinin sadə vətəndaşlara qarşı sərt və amansız üsullardan istifadəsi də diqqət çəkən məqamlardan biridir.
Maraqlıdır, bütün dünyaya, eləcə də ölkəmizə zaman-zaman insanlıq və demokratiya dərsi keçməyə çalışan ABŞ-ın öz vətəndaşlarına divan tutması nə dərəcədə məntiqlidir? Öz vətəndaşını polis dəyənəyi altında əzən ABŞ-ın digər ölkələrin vətəndaşlarına can yandırması mümkündürmü?
Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu, birinci hal deyil. Avropada da, Amerikada da sərbəst toplaşmaq azadlığına qarşı aparılan kəskin tədbirlər bütövlükdə insan hüquqlarını kobud şəkildə pozur.
Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında qanun var. Lakin kimsə qeyri-qanunu bir toplantı keçirmək istəyəndə onları polis əməkdaşları dinc şəkildə intizama dəvət edir, etdikləri əməlin qeyri-qanuni olduğunu xatırladır, qanuna riayət etməyə səsləyir. Yəni polis istənilən halda sərt addımlar atmaqdan çəkinir. Lakin biz görürük ki, ayrı-ayrı beynəlxalq təşkilatlar bəyanat verir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı pozulur, insan haqları pozulur və s.
Biz şahidi olmuşuq ki, Almaniyada, Fransada, Belçikada, Hollandiyada insanların sərbəst toplaşmaq azadlığına qarşı atdan, itdən, gözyaşardıcı qazdan, su şırnaqlarından, rezin güllələrdən istifadə edirlər. Nə qədər ölüm halları olub. ABŞ-da CNN-nin müxbirini elə aksiya yerindən götürdülər. Biz polisin vətəndaşı boğaraq öldürməsinə şahid olduq. Bu onu göstərir ki, bunların özlərinə çatanda insan hüquqları, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı yada düşmür. Ancaq başqa ölkəyə təzyiq göstərmək üçün bu metodlardan istifadə edirlər.
Artıq bütün bunlar dünya ictimaiyyətinə bəllidir və beynəlxalq ictimaiyyət dərk edir ki, Qərbin bu ideyaları yalnız sözdədir, əməldə deyil. Onların əməlləri başqa ölkələrin sərvətlərinin talanmasına hesablanıb”.
Seymur ƏLİYEV