Məlum olduğu kimi, ABŞ-ın Qara dəniz üzərində keçirəcəyi B1 strateji hücum təyyarələrinin təlimi Rusiyada ciddi narahatlığa səbəb olub.
Maraqlıdır, ABŞ-ın Rusiyanın “bir addımlığında” keçirəcəyi bu təlimlər Pentaqonun Kremlə qarşı əzələ nümayişi hesab edilə bilərmi? Həmçinin, bu kimi addımlarla Rusiyaya təzyiq göstərmək mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli iki dövlət arasındakı bu cür təzyiq elementindən ilk olaraq Rusiyanın istifadə etdiyinə diqqət çəkdi:
“Bu məsələdə ilk təşəbbüsü Rusiya göstərib. Rusiyanın Tu-104 tipli uzaqmənzilli təyyarələri Baltik dənizi üzərində uzun müddət nüvə başlıqlı raketlərlə təchiz olunan təyyarələrə sınaq uçuşları həyata keçirdi. Bir çox hallarda NATO-nun qırıcı təyyarələri həmin təyyarələri Baltik dənizi üzərindən, hətta Şimal dənizi yaxınlığından qovmağa məcbur oldu.
Indi isə ABŞ buna cavab olaraq Qara dəniz üzərində B1 uzaqmənzilli təyyarələrinin uçuşunu həyata keçirəcək. Təbii ki, hər iki ölkənin atdığı bu addımlar bir tərəfdən sürətlə silahlanmaya səbəb olur, digər tərəfdən qlobal təhlükəsizlik sistemini xeyli sarsıdır. Nüvə silahı tətbiqinə yaxınlaşan şəraitin formalaşmasına səbəb olur.
Rusiyanın nüvə doktirinasında müəyyən dəyişikliklər oldu. Bu dəyişikliklər ondan ibarətdir ki, əgər bu vaxta qədər Rusiya nüvə zərbəsini qabaqlayıcı tədbir kimi endirməyi qərara almışdısa, indi belə bir zərurət olmadığı təqdirdə də qarşı tərəfə nüvə zərbəsi endirə bilər.
Rusiya və ABŞ hərbi qarşıdurmanı artırır. Silahlanmaya yenidən rəvac verir. Rusiyanın nüvə doktrinasında təhlükəli dəyişikliklər edilib. Dəyişikliyə görə bu silah sadəcə nüvə silahınaa malik ölkələrə deyil, həm də nüvə silahına malik olmayan ölkələrə qarşı da tətbiq edilə bilər. Dünya nüvə həddində qarşıdurmaya doğru sürətlə irəliləyir. Bu isə olduqca təhlükəlidir”.
Seymur ƏLİYEV