Məlum olduğu kimi, ölkəmizdə yoluxma halları sürətlə artmaqdadır və bu səbəblə də yaxın gələcəkdə karantin rejiminin yenidən sərtləşdirilməsi gözlənilir.
Maraqlıdır, koronavirusla mübarizə və karantin rejiminin sərtləşdirilməsi qarşıdakı aylarda da davam edərsə, bu, bank sektoru üçün hansısa problemlərə səbəb ola bilərmi? Ümumiyyətlə, koronavirus dönəmi ölkəmizin bank sisteminə nə vəd edir?
Moderator.az-a açıqlama verən bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov, mövcud vəziyyətin bank sektoru üçün yaxşı heç nə vəd etmədiyini bildirdi:
“Banklar üçün iki tip problem var. Bunları pulsuzluq da adlandırmaq olar. Bir tərəfdən vətəndaşlar banklardakı əmanətlərini çıxarır. Çünki vətəndaşların gəlirləri azaldıqca, onlar yığdıqlarını xərcləmək məcburiyyəti qarşısında qalırlar.
Digər tərəfdən, banklarda pul saxlayan iş adamları da pullarını çıxarırlar. Çünki fəaliyyətləri olmasa da, əmək haqqı verməlidirlər və s. Bu, məsələnin birinci tərəfidir. Əgər bu proses çox davam etsə, o zaman banklara daxil olan pullar azala bilər.
Digər tərəfdən, banklarda problemli kreditlərin sayı arta bilər. Həm sadə vətəndaşlar, həm də iş adamları aldıqları kreditləri qaytarmaqda çətinlik çəkə bilərlər. Əgər vətəndaşların, sahibkarların gəliri azalıbsa, o zaman kreditləri hansı pulla ödəyəcək? Bu, o deməkdir ki, kreditlərin qaytarılmasında da əlavə problemlər meydana çıxa bilər. Bu problemlər bankların kapitalının azalmasına gətirib çıxara bilər. Proseslər bankların müflisləşməsi ilə belə nəticələnə bilər. Bu, bank sistemi üçün olduqca təhlükəli bir vəziyətdir. Əgər vəziyyət bir qədər də ciddiləşərsə, dövlət banklara dəstək göstərmək məcburiyyəti qarşısında qalacaq”.
Seymur ƏLİYEV