Son vaxtlar düşmən təmas xəttində atəşkəsi pozmaqda, ölkəmizə qarşı yeni təxribatlara cəhd etməkdədir. Düşmənin davamlı təxribatları Qarabağda anti-terror əməliyyatlarının aparılmasının vacibliyi ilə bağlı fikriləri aktuallaşdırmaqdadır. Hansı ki, Azərbaycan ordusunun gücü, peşəkarlığı belə bir anti-terror əməliyyatının aparılmasını tamamilə mümkün edir.
Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli belə bir əməliyyatın aparılmasına ciddi ehtiyac olduğunu vurğuladı:
“Qarabağda anti-terror əməliyyatlarının başlanmasına çox böyük ehtiyac var və əslində bu əməliyyat çoxdan başlanmalı idi. Türkiyənin həyata keçirdiyi anti-terror əməliyyatları bu baxımdan nümunə ola bilər.
Düşmən Dağlıq Qarabağın tarixini silib. Dinc insanları qətlə yetirib. Soyqırım həyata keçirib. Azərbaycanın belə bir anti-terror əməliyyatı həyata keçirməyə tam haqqı var.
Vətən namusdur. Sərhəd toxunulmaz və müqəddəsdir. Vətəndən böyük namus yoxdur. Düşmən vətənimizə təcavüz edib. Işğalçılar torpaqlarımzda at oynadır, yeni təxribatlara əl atır. Biz düşmənə layiq olduğu dərsi verməliyik. Dövlətimizin, xalqımızın maraqları bizdən bunu tələb edir”.
Xatırladaq ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu düşmənin uzun illər ərzində möhkəmləndirdiyi müdafiə səddini bir həmlə ilə yarmış, işğalçı ordunu darmadağın edərək bir sıra strateji yüksəklikləri azad etmişdir.
Seymur ƏLİYEV