Məlum olduğu kimi, ölkəmizdə koronavirusla mübarizə məqsədi ilə ciddi addımlar atılmaqdadır. Lakin təəssüflər olsun ki, bu gün də sosial şəbəkələrdə Azərbaycanda bu xəstəliyin olmadığı, yaxud xəstələrin sayının süni şəkildə şişirdildiyi və s. kimi əsassız fikirlərə rast gəlinir.
Maraqlıdır, belə yanlış
informasiyaların ictiami rəydə çaşqınlıq yaratmasını önləmək üçün sosial şəbəkələrə
ciddi nəzarətin tətbiqi nə dərəcədə məqsədəuyğun olar? Dövlətin apardığı mübarizəyə kölgə salanlara
qarşı qanun çərçivəsində sərt tədbirlərin tətbiqinə ehtiyac varmı?
Moderator.az-a açıqlama
verən Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələ ilə bağlı maraqlı fikirlər
səsləndirib:
“Sosial şəbəkələr əsasən
informasiyanın yayılma arealı kimi çıxış edirlər. Orada fikir
bölüşən şəxsin ictimailik dərəcəsindən, vəzifəsindən asılı olaraq, sosial şəbəkələr
informasiya mənbəyi kimi də çıxış edə bilərlər. Bu iki məqamı bir-birindən
ayırmaq lazımdır.
Sosial şəbəkələr
informasiyanın yayılma arealıdırsa, yəni deyək ki, hansısa kütləvi informasiya
vasitəsi öz informasiyasını bu platformalar üzərindən tirajlayırsa, deməli,
yaydığı informasiyanın kütləviliyi üçün çalışır. Əgər informasiyada nöqsan, qüsur,
qərəz varsa, onun ictimai rəyə təsirinin böyüklüyü, ictimai rəyi yanlış yönləndirmə
mahiyyəti və bu yanlışlığın cəmiyyətə daha çox təsir göstərməsi amili əsas
götürülməlidir. Tədbirlər də adekvat seçilməlidir. Hesab edirəm ki, mövcud
istiqamətdə hüquqi dəqiqləşdirmələrin aparılması, qanunvericilik bazasının
yaradılması son dərəcə vacibdir.
O ki qaldı, koronavirusla
bağlı yanlış bilgilərin yayılmasına, əslində yanaşma qeyd etdiyim kimi
olmalıdır. Doğrudur,
biz belə bir tendensiyaya da şahidlik edirik - heç kəs tərəfindən tanınmayan
sosial şəbəkə profili yalan bilgi paylaşır. Tədricən o yalan yayılır və cəmiyyətə
mənfi təsirini göstərir. Təbii ki, bu sayaq meyllərə qarşı barışmaz olmaq
lazımdır. Çünki yayılan yalanlar ahəngi pozur.
Bilirsiniz, məsələ sırf sərt
tədbirlər kontekstində dəyərləndirilməməlidir. Yəni bu gün bir yanlışlıq, yaxud
yalan görürüksə, dərhal bunun qanunla cəzalandırılması mexanizminə
qaçılmamalıdır. Ona görə ki, bu, tələskənlik olur. Mən dediyim odur ki, məsələyə
kompleks baxılsın. Vəziyyətin geniş təhlili ilə hüquqi baza formalaşdırılsın.
Elə baza ki, kənardan ifadə azadlığının pozulması yönündəki interpretasiyalara
imkan yaratmasın. Dünyanın bir çox ölkələrində oxşar mexanizmlər tətbiq olunur.
Ümumən cəmiyyətin, dövlətin
mənafeyinə, insanların sağlamlıq durumuna mənfi təsir edən, insanların yanlış
istiqamətləndirilməsinə hesablanmış bütün tendensiyalara qarşı mübarizə
aktualdır”.
Seymur ƏLİYEV