Bu gün 15 iyun – Milli Qurtuluş Günüdür. Hansı ki, 1993-cü ilin bu günündə Ali Sovetin sədri seçilən Heydər Əliyev, ölkəmizin tarixində yeni bir səhifə açıb, onun iqtisadi-siyasi inkişafı üçün yeni bir dəst-xətt müəyyənləşdirib.
Maraqlıdır, bəs Heydər
Əliyev obrazı Azərbaycan ədəbiyyatında yetərincə yer alıbmı? Ədəbiyyatımızda
Heydər Əliyevin tarixi xidmətləri, həyat və mübarizə yolu nə dərəcədə əks
olunub?
Moderator.az-a açıqlama
verən millət vəkili Nizami Cəfərov, ədəbiyyatımızda Heydər Əliyev obrazının yetərincə
işlənmədiyinə diqqət çəkdi:
“Heydər Əliyev Azərbaycan
ədəbiyyatının inkişafı üçün çox böyük işlər görüb. Bu işləri heç nə ilə müqayisə
etmək mümkün deyil. Dünyanın ən tanınmış, böyük dövlət başçılarının ədəbiyyata
münasibətini xatırlasaq, görərik ki, onların heç biri Heydıər Əliyevlə müqayisəyə
gəlmir. Bu məsələdə onunla müqayisə ediləcək hansısa böyük şəxsiyyət tapmaq çox
çətindir.
Heydər Əliyevin obrazı Azərbaycan
publisistikasında kifayət qədər yer tapıb. Amma bilavasitə ədəbiyyatda bu obraz
o qədər də dərindən işlənməyib. Hələ ki, ədəbiyyatımızda Heydər Əliyevin mükəmməl
obrazı yaradılmayıb. Bunun isə sadə bir səbəbi var. Bu obrazı yaratmaq çox çətindir
və yazıçıdan xüsusi miqyas tələb edir. Doğrudur, Heydər Əliyevlə bağlı müəyyən
şeirlər var. Nəriman Həsənzadənin də bu cür şeirləri mövcuddur. Amma ümumilikdə
Heydər Əliyev obrazını yaratmaq hər yazıçıya qismət olacaq məsələ deyil.
Bununla yanaşı, hesab edirəm
ki, dahi şəxsiyyətin obrazını bizim ədəbiyyatımız, incəsənətimiz yaratmalıdır. Xüsusilə
bizim ədəbiyyatımız ümummilli liderimiz qarşısında borcludur. Həm 70-80-ci illərdə,
həm müstəqillik dövründə onun Azərbaycan ədəbiyyatına, ədəbiyyatımızın
klassikindən tumuş müasirinə qədər o qədər böyük xidmətləri olub, hörməti keçib
ki, bunu ədəbiyyat kimi həssas bir orqanizm heç vaxt unuda bilməz. Bizim bu gün
elə bir tanınmış yazıçımız, şairimiz, dramaturqumuz yoxdur ki, Heydər Əliyev
onun tərcümeyi-halında bilavasitə iştirak etməmiş olsun. Odur ki, ədəbiyyatımız
Heydər Əliyevi hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlayacaq”.
Seymur ƏLİYEV