Qafqaz Müsəlmanları İdarəsi
Suriyada baş verən hadisələrlə bağlı bəyanat yayıb. QMİ-nin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, bəyanatda Amerika Birləşmiş Ştatları
tərəfindən Suriya ərazisində hərbi əməliyyatlara başlanılacağı barədə xəbərlərin
bütün dünya ictimaiyyəti, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsini narahat
etdiyi və diqqət mərkəzində olduğunu qeyd edilib. Bəyanatda deyilir:
"Belə
ki, bu hadisələrin gedişatı ümumən bəşəriyyətin taleyinə təsir edə bilər.
Suriya
torpağı tarixən müxtəlif dinlərin nümayəndələrinin yaşadığı və zəngin mənəvi
irs yaratdığı məkan olub. Hazırda bu torpaqlarda müqəddəs məkanların, o
cümlədən, İslam ziyarətgahlarının dağıdılması və insanların kütləvi məhvi bizim
qəlbimizi sarsıdır və hədsiz hiddətləndirir. Heç bir vəchlə bu hadisələrə haqq
qazandırmadan, əsl günahkarların ciddi şəkildə müəyyən edilib, beynəlxalq
mühakiməyə verilərək cəzalandırılmasının tərəfdarıyıq. İnsanlıq əleyhinə
cinayət törətmişlərin məhvi adı ilə günahsız insanların cəzalandırılmasını isə
heç bir halda qəbul edə bilmərik.
Heç
bir dövlətə demokratiyanı süngü uclarında gətirmək müyəssər olmadığı kimi,
təcavüz və kənardan müdaxilə ilə də heç bir xalqı xoşbəxt etmək mümkün deyil. Bunun
sonu görünməyən acı nəticə və gələcək fəsadlarını dünya Əfqanıstan və İraqın
nümunəsində görməkdə davam edir.
Qafqaz
Müsəlmanları İdarəsi vaxtilə 11 sentyabrda Nyu-York və Vaşinqton şəhərlərində
törədilmiş terror aktlarına da birmənalı qiymət vermişdi. Biz o hadisələri
təkcə Amerika xalqı əleyhinə deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilən ən
çirkin cinayət kimi qiymətləndirmişdik.
Azərbaycan
xalqı özü təcavüzün və terrorun qurbanlarından biridir. Erməni terroru
nəticəsində ölkəmizin 20 faizi işğal olunmuş, minlərlə həmvətənimiz məhv
edilib. Əgər vaxtilə dünya birliyi Ermənistan təcavüzünə layiqli sipər
çəksəydi, bu gün terror və təcavüzlər bu qədər vüsət almazdı.
Bu gün
həyat sübuta yetirir ki, bütün qlobal problemləri, habelə qaynar nöqtələrdəki
gərginliyi bəşəriyyət birgə səylərlə, beynəlxalq hüquq normalarına uyğun
şəkildə aradan qaldırmalıdır. Heç bir siyasət dinc əhalinin qırğınına, nahaq
qanların tökülmasinə, kəndlərin, müqəddəs ibadətgahların dağıdılmasına bais
olmamalıdır. Bunun əksi bəşəriyyəti böyük qarşıdurmaya gətirib çıxarar, sonsuz
qisasın və yeni faciələrin əsasını qoyar. Müsəlmanların Müqəddəs Kitabı
Qurani-Kərimdə buyurulduğu kimi: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə
əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək
göstərməyin” (əl-Maidə, 2).
Biz
ümidvarıq ki, ABŞ vətəndaşlarının iradəsini ifadə edən Konqres bütün dünyadan
səslənən "Müdaxiləyə yox" sədalarına biganə qalmayacaq və Suriyada
hərbi əməliyyatlarla bağlı qərara yox deyəcəkdir. Bu, həm ABŞ-ın dünyadakı
nüfuzunu artırar, həm də dünyamızı daha böyük fəlakətlərdən xilas edər. Dünya
miqyasında sülh mükafatına layiq görülmüş ABŞ Prezidentindən də gözləntimiz
məhz bu yöndədir.
Əminik
ki, veriləcək qərar Amerika xalqının milli maraqlarına ən uyğun bir qərar olub,
bu dövlətin bütün dünyada nüfuz və qüdrətinin daha da artmasına dəlalət edən
müdrik qərar olacaq.
Biz
dünya ictimaiyyətini, Birləşmiş Millətlər Təşkilatını, dünya dini liderlərini
Suriyadakı qanlı münaqişənin tezliklə qarşısının alınması üçün səylərini
qətiyyətlə səfərbər etməyə və problemin yalnız dialoq yolu ilə həllinə
çalışmağa səsləyirik.
Biz O
Bir Olan Allaha dua edirik ki, Suriya torpağında hərbi əməliyyatlar barədə
qərar tezliklə xətm olunsun, beynəlxalq hüququn gücü ilə həm bu torpaqlarda,
həm də bütün dünyamızda sülh bərqərar olsun.
Qoy
Uca Yaradan köməyimiz olsun!".