"Amerika Birləşmiş Ştatları tərəfindən Suriya
ərazisində hərbi əməliyyatlara başlanılacağı barədə xəbərlər bütün dünya
ictimaiyyətini, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsini narahat edir və
diqqət mərkəzindədir. Belə ki, bu hadisələrin gedişatı ümumən
bəşəriyyətin taleyinə təsir edə bilər. Suriya torpağı tarixən müxtəlif dinlərin
nümayəndələrinin yaşadığı və zəngin mənəvi irs yaratdığı məkan olmuşdur. Hazırda
bu torpaqlarda müqəddəs məkanların, o cümlədən, İslam ziyarətgahlarının
dağıdılması və insanların kütləvi məhvi bizim qəlbimizi sarsıdır və
hədsiz hiddətləndirir. Heç bir vəchlə bu hadisələrə haqq qazandırmadan, əsl
günahkarların ciddi şəkildə müəyyən edilib, beynəlxalq mühakiməyə verilərək
cəzalandırılmasının tərəfdarıyıq. İnsanlıq əleyhinə cinayət törətmişlərin məhvi
adı ilə günahsız insanların cəzalandırılmasını isə heç bir halda qəbul edə
bilmərik". Moderator.az-ın xəbərinə görə, bu fikirlər QMİ-inin ABŞ-a
müraciətində əks olunub.
Müraciətdə daha sonra bildirilir:
Heç bir dövlətə demokratiyanı süngü uclarında
gətirmək müyəssər olmadığı kimi, təcavüz və kənardan müdaxilə ilə də heç bir
xalqı xoşbəxt etmək mümkün deyil. Bunun sonu görünməyən acı nəticə və gələcək
fəsadlarını dünya Əfqanıstan və İraqın nümunəsində görməkdə davam edir. Qafqaz
Müsəlmanları İdarəsi vaxtilə 11 sentyabrda Nyu-York və Vaşinqton şəhərlərində
törədilmiş terror aktlarına da birmənalı qiymət vermişdi. Biz o hadisələri
təkcə Amerika xalqı əleyhinə deyil, bütün sivil bəşəriyyətə qarşı
yönəldilən ən çirkin cinayət kimi qiymətləndirmişdik. Azərbaycan xalqı özü
təcavüzün və terrorun qurbanlarından biridir. Erməni terroru nəticəsində
ölkəmizin 20 faizi işğal olunmuş, minlərlə həmvətənimiz məhv edilmişdir.
Əgər vaxtilə dünya birliyi Ermənistan təcavüzünə
layiqli sipər çəksəydi, bu gün terror və təcavüzlər bu qədər vüsət almazdı. Bu
gün həyat sübuta yetirir ki, bütün qlobal problemləri, habelə qaynar
nöqtələrdəki gərginliyi bəşəriyyət birgə səylərlə, beynəlxalq hüquq normalarına
uyğun şəkildə aradan qaldırmalıdır. Heç bir siyasət dinc əhalinin qırğınına,
nahaq qanların tökülməsinə, kəndlərin, müqəddəs ibadətgahların dağıdılmasına
bais olmamalıdır. Bunun əksi bəşəriyyəti böyük qarşıdurmaya gətirib çıxarar,
sonsuz qisasın və yeni faciələrin əsasını qoyar. Müsəlmanların Müqəddəs Kitabı
Qurani-Kərimdə buyurulduğu kimi: “ Yaxşılıq etməkdə və pis əməllərdən
çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə
kömək göstərməyin” (əl-Maidə, 2).
Biz ümidvarıq ki, ABŞ vətəndaşlarının iradəsini
ifadə edən Konqres bütün dünyadan səslənən «Müdaxiləyə yox» sədalarına biganə
qalmayacaq və Suriyada hərbi əməliyyatlarla bağlı qərara yox deyəcəkdir. Bu,
həm ABŞ-ın dünyadakı nüfuzunu artırar, həm də dünyamızı daha böyük fəlakətlərdən
xilas edər. Dünya miqyasında sülh mükafatına layiq görülmüş ABŞ Prezidentindən
də gözləntimiz məhz bu yöndədir. Əminik ki, veriləcək qərar Amerika xalqının
milli maraqlarına ən uyğun bir qərar olub, bu dövlətin bütün dünyada nüfuz və
qüdrətinin daha da artmasına dəlalət edən müdrik qərar olacaqdır. Biz dünya
ictimaiyyətini, Birləşmiş Millətlər Təşkilatını, dünya dini liderlərini
Suriyadakı qanlı münaqişənin tezliklə qarşısının alınması üçün səylərini
qətiyyətlə səfərbər etməyə və problemin yalnız dialoq yolu ilə həllinə
çalışmağa səsləyirik.
Biz O Bir Olan Allaha dua edirik ki, Suriya
torpağında hərbi əməliyyatlar barədə qərar tezliklə xətm olunsun, beynəlxalq
hüququn gücü ilə həm bu torpaqlarda, həm də bütün dünyamızda sülh bərqərar
olsun.