Sabah Silahlı Qüvvələrimizin yaranmasının 102-ci ildönümüdür.
Maraqlıdır, dövlətimizin
müstəqilliyinin və ərazi bütövlüyünün qarantı roluna çıxış edən ordumuzun
keçdiyi döyüş yolu, apardığı mübarizə ilə bağlı yeni tamaşaların, filmlərin çəkilməsi
həm ordumuzun təbliği, həm də gənc nəsil arasında vətənpərvərlik tərbiyəsinin
gücləndirilməsi baxımından nə dərəcədə önəmlidir? Mədəniyyət və incəsənətimizin
bu məsələyə daha çox diqqət yetirməsinə ehtiyac varmı?
Moderator.az-a açıqlama
verən Xalq artisti Valeh Kərimov bunu ən vacib məsələlərdən hesab etdiyini
vurğuladı:
“Ordu deyəndə vətənpərvərlik,
vətən yada düşür. Ordu sözü insanda vətənlə bağlı ən xoş hisləri, ən gözəl
duyğuları oyadır. Ordusu güclü olan ölkə həmişə sayılır və seçilir. Şükürlər
olsun ki, bu gün ordumuz çox gücülüdür. Məxsusi olaraq ordu gününün qeyd olunması
da insanda bir iftixar hissi yaradır. Bunlar çox gözəl duyğulardır. Bu baxımdan
təbii ki, ordu, onun önəmi, apardığı mübarizə və s. ilə bağlı incəsənət sahəsində
gərəkli addımların atılması, yeni əsərlərin ortaya qoyulması olduqca vacibdir. Bu
cür filmlər gənclər arasında vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi,
ordunun önəminin lazımınca dərk edilməsi, onun insanlara daha dərindən sevdirilməsi,
habelə qəhrəmanlarımızın tanıdılması baxımından olduqca faydalıdır. Odur ki, mədəniyyət
və incəsənətin bütün bu məsələlərə daha çox diqqət yetirilməsini vacib hesab
edirəm”.
Seymur ƏLİYEV