Sabah Azərbaycan ordusunun yaranmasının 102-ci ildönümüdür.
Maraqlıdır, hazırda
musiqimizdə hərbi-vətənpərvərlik mahnılarına yetərincə diqqət göstərilirmi? Bu cür
mahnıların ərsəyə gətirilməsi orduya sevgi və ehtiram sərgiləməklə yanaşı,
insanları düşmənlə mübarizəyə səsləmək baxımından nə dərəcədə zəruridir?
Moderator.az-a açıqlama
verən Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının milli
vokal kafedrasının dosenti Anar Şuşalı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Gənclərin vətənpərvərlik ruhunun formalaşması, yüksəldilməsi və daim
yaşaması mənim üçün, eləcə də cəmiyyətimiz üçün hər zaman vacib məsələ
olmuşdur. Bu baxımdan sağlam ruhlu Azərbaycan gəncliyinin yetişməsində
vətənpərvərlik mövzusunun musiqi incəsənəti nümunələri vasitəsilə davamlı təbliği
çox vacibdir. Vətənpərvərlik ruhunda yaradılan sənət əsərlərinə, eləcə də
formaca sadə, amma təbliğ və təsir imkanları çox geniş olan mahnı janrında
yazılmış musiqilərə gənc nəslin böyük ehtiyacı var.
Zənnimcə
Vətənə, Bayrağa, Orduya sevgi ruhunda yazılmış əsərlərin təbliğinə bu gün daha
çox üstünlük verilməlidir. Ancaq deməliyəm ki, bəzi
telekanallarda bu mövzuda yazılmış əsərlərə çox az yer verilir, əksər hallarda
isə heç verilmir.
Hamımıza
məlumdur ki, ölkəmiz müharibə şəraitindədir. Məhz buna görə
də bu məsələyə daha ciddi yanaşmalıyıq. Qarabağ müharibəsinin ilk illərində hərbi
vətənpərvərlik mövzusunda yazılan, gənclərimizi torpaq uğrunda savaşa səsləyən,
o zamanki mübarizə ruhunu özündə daşıyan bir sıra musiqi əsərləri, mahnılar
yarandı. Bu gün isə kiçik istisnaları nəzərə almasaq, bu sahədə boşluq olduğunu
görərik. Gün ərzində televiziya və radiolarda səviyyəcə müxtəlif onlarla ifa,
mahnı, musiqi çarxları təqdim olunur. Bu proqramlarda hərbi vətənpərvərlik
mövzusunun geniş yer almasını istərdim. Unutmayaq ki, Vətən haqqında, bayraq
haqqında səslənən mahnılar gənclərin dövlətə, torpağa Vətənə bağlanmasına və
beləliklə, əsl vətəndaşın formalaşmasına böyük təkan verir. Bununla bağlı, bir
peşəkar musiqiçi kimi deyə bilərərəm ki, istər 25 illik səhnə fəaliyyətimdə,
istər pedaqoji fəaliyyətimdə, istərsə də yaradıcılığımda bu mövzu həmişə diqqətimdə
olmuşdur.
Azərbaycan
bəstəkarlarının bu mövzuda yaratdıqları yüksək səviyyəli əsərlərin, o cümlədən
mənim sevə-sevə repertuarıma daxil etdiyim musiqi nümunələrinin bir neçəsinin
adlarını çəkmək istərdim. Üzeyir Hacıbəylinin "Çırpınırdın Qara dəniz",
Asəf Zeynallının "Ölkəm", Fikrət Əmirovun "Azərbaycan elləri",
Süleyman Ələsgərovun "Gözlə məni", "Hardasan ey igid",
"Qarabağ", Tofiq Quliyevin "Gözəldir Vətənin yaşıl düzləri",
Oqtay Kazıminin "Azərbaycan" və s. Bu movzuya Üzeyir bəy Hacıbəylidən
başlayaraq bütün Azərbaycan bəstəkarları müraciət etmişlər. Əlbəttə,
bu kimi əsərlər müasir bəstəkarlarımız tərəfindən yazılmamış deyil. Lakin təbliğat
zəifdir.
4 il
bundan öncə tanınmış şair Ramiz Qusarçaylının "Azərbaycan bayrağı"
adlı məhşur bir şeirini oxudum. Sözlər ürəyimdən xəbər
verirdi. Həmin şerə musiqi yazdım. Elə o gün mahnın piano üçün notları yazıldı.
Bu bir marş ruhlu musiqi parçasıdır. Mahnı ilə bağlı maraqlı, peşəkar fikirlər
bildirildi. Mahnı ilk dəfə 9 Noyabr Azərbaycan bayrağı günündə ifa olundu. Televiziya
və radio verilişlərində də bir neçə dəfə səslənib. Mahnını cəbhə xəttində əsgərlər
qarşısında da ifa etmişəm. Hesab edirəm ki, bu qəbildən olan musiqi əsərləri
indiki dövrümüzdə çox yazılmalı və daim təbliğ olunmalıdır”.
Seymur
ƏLİYEV