Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” sənədli filmi Los-Ancelesdəki təqdimat zamanı böyük uğura imza atıb. Belə ki, “FLICKFAIR” film festivalında bütün mərhələləri keçən film finala vəsiqə qazanıb və hazırda birincili uğrunada mübarizə aparır.
Azərbaycanın tarixi şəxsiyyətlərindən bəhs edən bu cür filmlərin çəkilməsi və beynəlxalq müstəvidə uğurla təqdim edilməsi ölkəmizin böyük şəxsiyyətlərinin təbiği baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova bu cür filmlərin bir çox baxımdan mühüm önəm kəsb etdiyini vurğuladı:
“Təbii ki, filmlər şəxsiyyətlərimizin, tariximizin tanıdılması, təbliği baxımından daha güclü vasitədir və daha geniş auditoriyanı əhatə edir. Eyni zamanda, bu cür filmlərin çəkilməsi msuliyyət hissini də artırır. Hər hansı bir filmin beynəlxalq auditoriyaya çıxması həmin filmi çəkənlərin intellektual səviyyəsindən, bacarığından, peşəkarlığındna çox asılıdır. Çünki yalnız güclü filmlər beynəlxalq səviyyəyə yüksələ bilir.
Əgər bir film tarixi bir hadisə və ya şəxsiyyətdən bəhs edirsə, təbii ki, o, məzmun baxımından da reallığı əks etdirməlidir. Əks təqdirdə, cüzi bir yanlışlıq əks-effekt doğura bilər. Görkəmli şəxsiyyətlərimizlə bağlı filmlərin çəkilməsi, beynəlxalq səviyyədə təqdimatı təbii ki, təqdir olunan bir haldır. Bu cür filmlərin çəkilişi zamanı bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələrin aparılması olduqca zəruridir.
Bizim müxtəlif sahələrdə çox görkəmli şəxsiyyətlərimiz var. O şəxsiyyətlərimizin dünyada tanıdılması çox vacibdir. Çünki biz byenəlxalq səviyyədə düşünən, dünya elmi, dünya mədəniyyətinə böyük töhfələr verən bir çox şəxsiyyətimizi Azərbaycan adına tanıda bilməmişik. Bu baxımdan belə filmlər vasitəsi ilə tarixi şəxsiyyətlərimizin tandılması zəruridir. Yetər ki, bu filmlərin hazırlanması zamanı peşəkar işçi heyəti ilə yanaşı, mütləq həmin sahə ilə məşğul olan mütəxəssislərin rəyi də nəzərə alınsın.
Hacı Zeynalabdin Tağıyevdən bəhs edən filmin beynəlxalq səviyyədə uğur qazanması qürurvericidir və biz tarixi şəxsiyyətlərimizin tanıdılması istiqamətindəki səylərimizi bundan sonra da davam etdirməliyik”.
Qeyd edək ki, “100 il şərəfli ömür” sənədli filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov, redaktoru Əkbər Qoşalıdır. Filmin mətni isə Xalq artisti Eldost Bayram tərəfindən səsləndirilib.
Seymur ƏLİYEV