Azərbaycan koronavirusla mübarizə məqsədi ilə daha bir ölkəyə - Fələstinə 300 min dollar məbləğində yardım göstərdi. Hansı ki, bundan öncə də Azərbaycanın 30-a qədər dövlətə yardım etdiyi məlumdur.
Belə ağır şəraitdə ölkəmizin beynəlxalq müstəvidə yardımları davam etdirməsi, Azərbaycanın dünyada koronavirusa qarşı mübarizənin əsas mərkəzlərindən birinə çevrilməsi kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Azərbaycanın koronavirusla mübarizə çərçivəsində dünya dövlətlərinə göstərdiyi yardımın hər mənada mühüm əhəmiyyət kəsb etdiyini bidlirdi:
“Dünyada koronovirus pandemiyası başlanan andan, Azərbaycanın apardığı siyasət ümumbəşəri xarakter daşıyır. Ölkə daxilində görülən işlərlə yanaşı, Respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə, Türkdilli ölkələrin, Qoşulmama hərəkatına daxil olan ölkələrin dövlət və hökumət başçılarının, bir çox beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən videokonfranslar dediklərimin sübutudur. Bundan əlavə, Azərbaycan 30-a yaxın ölkəyə yardımlar etmiş və Covid-19-la mübarizədə dünya birliyinə verdiyi töhfələrə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə olaraq göstərilmişdir.
Belə bir həssas dönəmdə Fələstinə və digər ölkələrə göstərilən yardımlar heç şübhəsiz, Azərbaycanın beynəlxalq nüfuzunun artması, müsbət mənada təbliği ilə yanaşı, iqtisadi gücünü göstərir. Nəticədə, ölkəmizin dostlarının sayı günü-gündən artır. Bu da müstəqilliyimizin daha möhkəmlənməsi, iqtisadi cəhətdən inkişaf etməsi, təhlükəsizlik baxımından olduqca önəmlidir. Sadəcə iki faktı qeyd edim. Zamanında Ukrayna, Belorus kimi ölkələrə etdiyimiz yardımların müqabilində dövlət olaraq bir çox üstünlüklər əldə etmişik. Çətin zamanlarda edilən yardımlar hər zaman ikiqat bumeranq effekti verir. Hesab edirəm ki, tam doğru addımdır”.
Seymur ƏLİYEV