“Mingəçeviri vurmaq təklifi şüşə evdə oturan şəxsin yoldan keçənlərə daş atmasına bənzəyir. Bu, əsl səfehlik və axmaqlıdır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın sabiq müdafiə nazirinin Mingəçeviri vurmaq təklifinə münasibət bildirərkən deyib. Ekspert bunu əsl səfehlik və məsuliyyətsizlik kimi dəyərləndirib:
“Ermənistanda axmaq adamların aktivliyi mövcuddur. Hansı ki, bu adamlar belə səfeh bəyanatlar səsləndirir. Bu ona bənzəyir ki, biz Metsamor AES-i vurmağı təklif edək. Hansı ki, hamı bilir ki, Metsamorun vurulması yalnız Ermənistanın məhv olması demək deyil. Bu, bütün regionun fəlakəti deməkdir. Buna görə də mən bu kimi bəyanatları axmaqlıq kimi dəyərləndirirəm.
Ermənistan öz taleyinin sahibi deyil. Onun boynundakı ip Rusiyanın əlindədir və Rusiya bu kəndir vasitəsi ilə onu istədiyi yönə çevirir. Yaxşı olar ki, Ermənistan bu kimi səfeh bəyanatlar səsləndirmək əvəzinə bu boyunduruqdan xilas olmaq haqqında düşünsün”.
Seymur ƏLİYEV