Məlum olduğu kimi, dünən DTX bəzi məmurların qanunsuz əməlləri ilə bağlı
XİN-də əməliyyat keçirib. Hələlik əməliyyatla bağlı ətraflı məlumat verilməsə də, əməliyyat nəticəsində bəzi məmurların saxlanıldığı ehtimal olunur.
Moderator.az-a açıqlamasında DTX-nın XİN-də keçirdiyi əməliyyatı şərh edən ADP sədri Sərdar Cəlaloğlu, bu əməliyyatı təqdir etdiyini vurğulayı, habelə bütün səfir və konsullarla bağlı araşdırma aparmağın vacibliyinə toxunub:
“DTX-nın XİN-də keçirdiyi əməliyyatı yüksək qiymətləndirirəm. Lakin bu, bir qədər gecikmiş əməliyyatdır. Biz bir neçə həftədir deyirik ki, XİN-lə bağlı hüquqi müstəvidə araşdırma aparmaq lazımdır. Orada rüşvət və korrupsiyanın mövcudluğu ilə bağlı ciddi ittihamlar mövcuddur. Xaricdəki səfirlərin böyük sərvətə yiyələnməsi, bizneslə məşğul olması ilə bağlı məlumatlar var. Diplomatlarımzın xaricdə aldığı mülklərlə bağlı mediada yer alan məlumatlar da araşdırılmalı, həqiqət üzə çıxmalıdır. Qanunsuz əmələ yol verən hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Səfir və konsullar yoxlanılmalıdır. Araşdırılmalıdır ki, bunlar necə konsul və səfir olub? Bunları kim prezidentə təqdim edib? Bu adam nəyə görə səfir gedir? İndi məlum olur ki, bu insanların bir-birləri ilə qohum və əlaqəlidir.
Korrupsiyaya qarşı mübarizəni dərinləşdirmək və sürətləndirmək lazımdır. DTX-nın XİN-də əməliyyat aparmaq qərarı düzgündür. Çox düzgün də yoxlama gedir və yəqin ki, lazım gələrsə, rəhbərlik də məsuliyyətə cəlb olunacaq”.
Seymur ƏLİYEV