Bu günlərdə Ermənistanın Araz çayını müxtəlif istehsalat və məişət tullantıları ilə çirkləndirdiyini əks etdirən yeni fotolar və informasiyalar yayılıb.
Ermənistanın həyata keçirdiyi ekoloji terror siyasəti ilə bağlı beynəlxalq təşkilatların davamlı şəkildə məlumatlandırılması, buna görə rəsmi İrəvana qarşı sanksiyaların tətbiqinə nail olunması nə dərəcədə vacibdir?
Moderator.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov uzun illərdir ki, Ermənistanın ekoloji terror siyasətini davam etdirdiyini vurğuladı:
“Ermənistan dövləti Azərbaycana qarşı nəinki ərazi təcavüzü, hətta ekoloji təcavüz də həyata keçirir. Ermənistan Respublikası hələ də dövlət gəlirlərini təbii resursların istismarı və satışı üzərində qurulan iqtisadi modelə əsasən qarşılamaq siyasətini yerinə yetirir. Bu prosesdə mühüm rol oynayan dağ-mədən sənayesi yalnız ölkə daxilində deyil, həm də qonşu dövlətlərin ekologiya sisteminin zərər görməsinə şərait yaradır. Dağ-mədən sənayesinin mühüm əhəmiyyət kəsb edən yataqlarının coğrafi yerləşməsinə nəzər yetirsək görərik ki, Ermənistanın çirkləndirdiyi su mənbələrinin qonşu ölkələrin ərazisində olması, o ölkələrin ətraf mühitinə böyük təhlükə yaratmaqdadır. Mədən sənayesinin ətraf mühitə yaratdığı təhlükələrlə bağlı yerli və beynəlxalq təşkilatlar tərəfindən narahatlıqlar dilə gətirilsə də, Ermənistan hökuməti problemin həllinə dair real addımlar atmayıb.
Sözsüz ki, bu prosesdə ən böyük zərər çəkən ölkə məhz Azərbaycandır. Aparılan tədqiqatlar onu deməyə əsas verir ki, Ermənistanın mədən sənayesi bölgələrindən keçərək ölkəmizə daxili olan çay sistemlərində suyun keyfiyyəti, məişətdə istifadəsi və irriqasiya tətbiqi üçün uyğun deyil. Kür və Araz çayı kimi sərhədyanı çayların birbaşa və ya dolayı yolla çirkləndirilməsi, həm də bütün Xəzər hövzəsinin ekologiyasına ciddi təhdid yaradır. Bu isə, problemin artıq qlobal miqyasa keçdiyini göstərir. Milli Məclisin üzvü bildirir ki, 2011-ci ildə Gürcüstan və Ermənistanın 30-a yaxın qeyri-hökumət təşkilatları öz hökumətlərindən əhalinin və ətraf mühitin Teğut mədəninin mənfi təsirlərindən qorunması üçün müvafiq tədbirlər görməsini tələb edirdi. Ekspertlərin fikrincə, Teğut mədənindən toksik maddələrin transsərhəd çayı olan Debed çayına axıdılması, Ermənistan və Gürcüstan ərazilərində bərpaolunmaz ağır nəticələrə səbəb ola bilər. Ermənistan Respublikasının transsərhəd çayları çirkləndirməsi, Azərbaycanla yanaşı, İran İslam Respublikasının aidiyyatı orqanları tərəfindən də dilə gətirilir. 2019-cu ilin noyabr ayında Təbriz şəhərində keçirilən Ermənistan-İran Birgə İşçi Qrupunun iclasında, Araz çayının çirkləndirilməsinin qarşısının alınması məsələləri müzakirə edilib. İranın Şərqi-Azərbaycan vilayətinin Ətraf-Mühit İdarəsinin rəhbəri Həmid Qaseminin fikrincə, Ermənistan tərəfindən mədən tullantılarının Araz çayına axıdılması, beynəlxalq konvensiyalara zidd addımdır və bu məsələ İran Xarici İşlər Nazirliyi tərəfindən narazılıqla qarşılanmalıdır.
İranlı ekspert Əhməd Baybordinin sözlərinə görə, bir neçə il öncə Təbriz Universiteti və İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tədqiqat mərkəzinin birgə apardığı monitorinqlər nəticəsində Araz çayının ağır metallarla çirklənməsi aşkar edilsə də, məlumat geniş ictimaiyyətdən gizlədilmişdir”.
Müşfiq Cəfərovun sözlərinə görə, Ermənistanın bu siyasətindən nəinki qonşuları, hətta dünya birlikləri, beynəlxalq qurumlar da narahatlıq ifadə ediblər:
“Belə ki, 2019-cu ildə BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver, müşahidə missiyasının bəyanatında Ermənistan ərazisindən keçərək Azərbaycana axan çayların ekoloji çirklənməyə məruz qaldığını bildirmişdi. Baş verən ekoloji çirklənmə vətəndaşların həyatına təhlükə yaratmaqla yanaşı həm də kənd təsərrüfatına yararlı sahələri sıradan çıxardığını qeyd etmişdir. Bildirim ki, Ermənistanın region ölkələrinin su ehtiyatlarını çirkləndirməsi həmçinin BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyasının prinsiplərini kobud şəkildə pozmaqdadır. Azərbaycan Respublikası 2000-ci ildən adı çəkilən razılaşmaya qoşulsa da, Ermənistan dövləti bu günədək Konvensiyanı ratifikasiya etməkdən boyun qaçırır. Eyni zamanda,əhalinin sağlamlığının qorunması, su ehtiyatlarının daha yaxşı idarə edilməsi və çirklənmənin azaldılması məqsədi ilə Konvensiyanın “Su və Sağlamlıq” haqqında Protokolu Ermənistan tərəfindən 1999-cu ildən etibarən imzalansa da, qüvvəyə minməyib. Məsələ ilə bağlı 2011-ci ildə Ermənistanın Ətraf Mühit Nazirliyi və Səhiyyə Nazirliyinin Protokola qoşulmaq üçün hökumətə ünvanladığı tövsiyyə məktubu Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rədd edilmişdi. Əsas səbəb BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyasında “çirkləndirən ödəyir” prinsipinin Ermənistan dövləti tərəfindən qəbul edilməməsidir”.
Sonda Cəfərov deyib ki, bütün bunlar işğalçı qonşumuzun məfkur siyasətindən xəbər verir. Hər sahədə olduğu kimi ekologiyamıza da ciddi ziyan vuran düşmən dövlətlə bağlı dünya birlikləri tərəfindən beynəlxalq səviyyədə heç bir tədbir görülməyib.
Seymur ƏLİYEV