Məlum olduğu kimi, dünən Ermənistan ordusu sərhəddin Tovuz istiqamətində təxribata cəhd edib. Düşmən təxribatını uğurla dəf edən Azərbaycan ordusu ermənilərə ağır zərbə vurub, düşməni ciddi məğlubiyyətə uğradıb.
Baş verən hadisələr fonunda Azərbaycan cəmiyyətində Qarabağda anti-terror əməliyyatına başlamaqla bağlı tələb və bəyanatların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, vətəndaşların bir çoxu hesab edir ki, əslində ermənilərin bu təxribatı Qarabağda anti-terror əməliyyatına başlamaq üçün fürsət sayıla bilər və rəsmi Bakı bu fürsəti dəyərləndirməlidir.
Moderator.az-a açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Azərbaycan ordusunun hər an anti-terror əməliyyatına başlaya biləcəyini vurğuladı:
“Azərbaycan hər an anti-terror əməliyyatlarına başlaya bilər. Bunun üçün hansısa fürsət gözləməyimizə ehtiyac yoxdur. Buna tam haqqımız var. Belə bir əməliyyat üçün hüquqi əsasımız da var. Bununla yanaşı, əlbəttə ki, yaranmış vəziyyətdən də istifadə etmək olar.
Paşinyan ona qarşı hücumları dayandırmaq, xalqın diqqətini daxildəki problemlərdən yayındırmaq üçün kiçik müharibəyə ehtiyac duyur. Bu, açıq şəkildə özünü göstərir. Paşinyan bir srıa rəqiblərini ortadan qaldırdı, keçmiş tərəfdarlarına qarşı hücuma keçdi. Hazırda onu ciddi şəkildə tənqid edirlər. Paşinyan üçün vəziyyət kifayət qədər mürəkkəbləşib.
Mən birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan düşmənə ciddi zərbə endirə bilər. Bizim buna hüququmuz da, siyasi iradəmiz də, cəsarətimiz də çatır”.
Seymur ƏLİYEV