Dünəndən Ermənistanla sərhəddə yaşanan gərginlik davam edir. Hansı ki, Türkiyə dövləti elə dünən Azərbaycanı dəstəkləyən, Ermənistanı qınayan bəyanatla çıxış edib.
Bu məsələdə ilk beynəlxalq dəstəyin Ankaradan gəlməsi Türkiyənin Azərbaycana olan dost, qardaş münasibətinin göstərcisi sayıla bilərmi? Bu bəyanat bir daha Türkiyənin Azərbaycanın ən yaxın müttəfiqi olduğunu göstərmirmi?
Moderator.az-a açıqlama verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Biz millətimiz ətrafında, coğrafiyamızda baş verən hadisələrə, Türk dünyasına, erməni məsələsinə bütöv olaraq baxmalıyıq. Hamıya aydındir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın for-postudur. Erməni siyasətçilərinin, liderlərinin əksəriyyəti də xüsusi xidmət orqanlarının əməkdaşları, bəlirli misya daşıyıcılarıdır. Bu mənada Tovuzda baş verən erməni təxribatını da bölgəmizdə və dünyada baş verən hadisələrdən, Rusiyanın keçmiş SSRİ məkanına yönəlik yayılmaçı siyasətinin yeni fazasından ayrı dəyərləndirmək olmaz. Liviyada, Suriyada Türkiyənin önünü kəsməyə çalışan bir Rusiya var. Turkiyənin müdafiə naziri Hulusi Akarın Ukrayna ziyarəti sırasında ifadə etdiyi Kırımın ilhaqını qətiyyən qəbul etməyəcəyik bəyanını da, başqan Ərdoğanın rus Vaqnerini də nəzərdə tutaraq, “Liviyanı qan gölünə çevirən legionerlər dərhal ölkəni tərk etməlidir” çıxışını da bu kontekstən dəyərləndirməliyik.
Təəssüf ki, Rusiya daxili etno demoqrafiq reallığını da nəzərə alaraq, Türkiyə başda olmaqla Türk islam aləmiylə əməkdaşliq və müttəfiqlik etmək yerinə, tarixi düşmənçilik siyasətinə davam edir. Erməni məsələsində, haqlı davamız olan Qarabağın işğaldan azad edilməsi, müstəqilliyimizlə bağlı məsələlərdə Rusiya bizə dost münasibəti sərgiləmir. Bütün dünya bilir ki, Rusiya mane olmasa, Azərbaycan ordusu çox qısa bir müddətdə erməni işğalçılarını torpaqlarımızdan təmizləmək qüdrətindədir. Türkiyə, Türk dünyası Rusiyanın bu xoş niyyətli olmayan siyasətinə nə qədər dözməlidir? Kırım, Qarabağ. Birlik formalaşdıraraq ortaq güc ortaya qoya bilməsək, bu səfər Türküstanın hansısa vilayəti əməliyat masasında ola bilər.
Dəfələrlə ifadə etdiyim kimi,Türkiyə ana qərargahımız, ən qüdrətli dövlətimizdir. Prezident Ərdoğan bu yaxınlarda açıq şəkildə Qarabağın Türkiyənin də milli məsələsi olduğunu ifadə etdi. Türkiyə xarici işlər naziri cənab Çavuşoğlu “Azərbaycan Qarabağ probleminin həlllində hansı yolu seçərsə biz yanındayıq” dedi. Bu qədər birmənalı bir dəstək var. Məncə biz səbrlə ordudan yüksək texnologiya istehsalına Türk dünyasının, Azərbaycanla Türkiyənin ortaqlığını dərinləşdirməli, gücümüzə güc qatmalıyıq. Belə görünür ki, tarixi hesablaşma yaxınlaşır. Azərbaycan torpaqları işğal altında olduğu müddətcə Qafqazda stabillik daimi ola bilməz. Bunu Rusiya da gec-tez anlamaq məcburiyətində qalacaq”.
Seymur ƏLİYEV