Artıq üç gündür ki, Ermənistanla döyüşlər davam edir. Hansı ki, bu döyüşlərin uzunmüddətli müahribəyə çevrilmə ehtimalı istisna deyil. Belə olan halda Ermənistandakı 102-ci rus hərbi bazası və onun proseslərə təsir imkanı gözardı edilə bilməz.
Maraqlıdır, Ermənistanın hansısa məqamda bu bazadan faydalanması mümkündürmü? Ümumiyyətlə, 102-ci baza Ermənistana hərbi, yoxsa mənəv-psixoloji baxımdan daha çox gərəklidir?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə bu bazanın indiki şəraitdə Ermənistanın özü üçün təhlükə kəsb etdiyini vurğuldı:
“90-cı illərdə Rusiyada mərkəzləşmiş nəzarət sistemi hələ mövcud deyildi və Ermənistan sakitcə öz ərazisində yerlşən rus qoşunundan pul müqabilində istifadə edirdi. Bu gün vəziyyət dəyişib. Artıq mərkəzləşmiş nəzarət var. Ermənistanda rus qoşunu Paşinyan hökumətinin göstərişini yerinə yetirməyəcək. Moskvanın əmrini yerinə yetirəcək. Buna görə də Ermənistan əmin deyil ki, sabah Moskva öz qoşununa hansı əmri verəcək, bu əmr Ermənistanın maraqlarına nə dərəcədə uyğun olacaq.
Bu gün Rusiya Ermənistanda yerlşən qoşunlarına Azərbaycanla döyüşmək əmri verməyəcək. Istisna olunmur ki, Ermənistandakı rus qoşunları sabah Ermənistan hakimiyyətinin əleyhinə çıxış edə bilər. Əvvəlki vəziyyət qalsaydı, Ermənistan rəhbərliyi rus tanklarından, silahlarından istifadə imkanına malik olsaydı, o zaman rus bazasının ölkədə qalması üçün yalvaracaqdılar. Sadəcə, indi idarəetmə Moskvanın əlindədir. Buna görə də Ermənistan ölkəsindəki rus bazasının onun üçün təhlükə mənbəyinə çevrildiyini dərk edir.”
Seymur ƏLİYEV