"Tovuz istiqamətində general, zabit və əsgərlərimizin şəhid olması ilə nəticələnmiş son döyüşlər bütün Qarabağ veteranları, qaziləri kimi məni də çox həyəcanlandırıb. Erməni ekstremistlərinin Xankəndində kütləvi çıxışlara başladığı ilk günlərdən 4 il ərzində Qarabağda hadisələrin qaynar nöqtələrində xidmət göstərmiş bir polis polkovniki kimi, çox aydın dərk edirəm ki, işğalçıları yalnız güc yolu ilə başa salıb torpaqlarımızın azadlığına nail olmaq mümkündür...”
Bu sözləri Moderator.az-a açıqlamasında 1988-1992-ci illərdə o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini, Şuşa və keçmiş Ağdərə rayonlarının polis rəisi kimi çalışmış Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Sadir Məmmədov söyləyib.
“Bu gün bir vətəndaş olaraq borcumuz dövlətimizin, Ali Baş Komandanımızın ətrafında birləşib torpaqlarımızın azadlığı uğrunda əlimizdən gələni etmək, ordumuza dayaq olmaqdır... Artıq 70 yaşım var. Bu gündən sonra işğal altındakı torpaqlarımız, özü də mənə daha doğma olan, böyüyüb boşa çatdığım Qarabağ – Ağdam, Şuşa, Laçın, Kəlbəcər və s. azad olmasa, yaşamağımın mənası yoxdur. Dövlətimiz gərək bilərsə, mən də nəinki arxa cəbhədə, lap öndə də o yerləri gözəl tanıyan bir kəşfiyyatçı, bələdçi olaram, hətta əlimdə silah səngərdə də dayanmağa hazıram. Qoy mən şəhid olum, həyatımı o torpaqlarımız uğrunda verim, təki uşaqlarımız, gənclərimiz, eləcə də mənim nəvələrim getsinlər ata-babalarının doğma yurdlarını görsünlər, o yerlərə sahib çıxsınlar... O qarlı dağların, o zümrüd meşələrin, çəmənlərin saf havasını udsunlar, o büllur çeşmələrin təmiz suyunu içsinlər...
Bir də ən böyük arzularımdan biri digər qəhrəman şəhidlərimiz kimi, son günlər Tovuz istiqamətində şəhid olmuş general, zabit və əsgərlərimizin də azad olunacaq Qarabağ ellərində heykəllərinin qoyulması, adlarına küçə, məktəb və s . verilməsidir...
Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!” – deyə qazi polkovnik arzularını dilə gətirib.
Sultan Laçın