Iyulun 12-də Azərbaycan-Ermənistan sərhəddində erməni ordusunun təxribatı nəticəsində baş verən hərbiq arşıdurma davam edir. Hərbi toqquşmaların elə ilk günündən Azərbaycanın haqlı mövqeyini müdafiə edən Türkiyə, ötən gün Ermnəistanla sərhəddə F-16 qırıcıları və dronların uçuşunu həyata keçirməklə, rəsmi İrəvana bir daha öz bəıyaantıdna nə dərəcədə ciddi olduğunu nümayiş etdirib.
Türkiyənin Ermənistanla sərhəddə əzələ nümayişi həyata keçirməsi Rusiya və KTMT-nin Ermənistan-Türkiyə sərhəddində aktivləşməsinə səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Natiq Miri məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Əslində Rusiya və Türkiyə arasında ciddi bir qarşıdurmanın mövcudluğu hər kəsə bəllidir. İyulun 12-nə qədər biz bu prosesi Suriya və Liviyada müşahidə edirdik. Rusiya Suriya ilə yanaşı, Liviyada da öz maraqlarını təmin etmək üçün üsyankar general Haftara ciddi dəstək verir. Moskva üsyançılara qırıcı təyyarələr, dronlar, havadan müdafiə sistemləri verib. Ortada Rusiyanın ciddi hərbi dəstəyi mövcuddur.
Hesab edirəm ki, 12 iyul hadisələri Rusiyanın Azərbaycan üzərindən Türkiyəyə verdiyi mesajdır. Bunu Türkiyə də anlayır və bu səbəbdən də qardaş ölkə bu məsələyə heç vaxt olmadığı qədər sərt cavab verdi. AKP funksionerlərindən tutmuş prezidentə qədər sərt çıxışlara şahid olduq.
Düşünürəm ki, Türkiyə prezidentinin Ayasofyanı məscidə çevirmək qərarından sonra 12 iyul hadisələrinin baş verməsi təsadüfi deyil. Ermənistanın dəstəksiz belə bir addım atacağı inandırıcı görünmür. Bu dəstək isə həm Rusiya, həm də Qərb dairələrindən gələ bilər. Ayasofya məsələsi bütün xristian dünyasında ciddi müzakirə predmetinə çevrilib və düşünürəm ki, bundan sonra da Türkiyə əleyhinə bəzi güclər müəyyən addımlar atmağa səy götərəcək. Bu baxımdan, baş verənləri Türkiyə və Rusiyanın arxa pərdədəki qarşıdurması kimi də dəyərləndirmək olar. Buna görə də Türkiyə Ermənistanla sərhəddə qırıcı və dronları havaya qaldırdı. Bununla Ermənistana və onun havadarlarına mesaj verdi.
Dünən Rusiya da Ermənistan-Türkiyə sərhəddini gücləndirməklə bağlı qərar verdi və bu yöndə konkret hərbi addımlar atıldı. Bu məsələdə sadəcə güclü tərəf qazanacaq. Bunu Türkiyə öz təcrübəsində tamamilə sübut edib. Vaxtiylə Suriyanın şimalına girə bilməyən Türkiyə bu gün Suriya və Liviyada ciddi uğurlara nail olub. Bu, Türkiyənin güclənməsi, öz maraqlarını qətiyyətlə müdafiə etmək bacarığı ilə bağlıdır. Bu baxımdan Türkiyənin 12 iyul hadisələri fonunda Azərbaycanı qəti şəkildə müdafiə etməsi təqdirəlayiqdir və bu, qardaş dövlətin heç bir regional və qlobal gücdən çəkinmədiyini göstərir”.
Seymur ƏLİYEV