Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov döyüşmək üçün xidmətin müvafiq şöbə və bölmələrinə müraciət edən vətəndaşlarla bağlı maraqlı statistika səsləndirib. Xidmət rəisi sadəcə bu gün 4 mindən çox şəxsin könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdiyini bildirib. A.Rəhimov qeyd edib ki, müraciət edənlərin arasında qadınlar da var.
Kişilərlə yanaşı qadınalrın da orduya dəstək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi bütövlükdə Azərbaycan cəmiyyətindəki yüksək vətənpərvərliyin göstəricisi sayıla bilərmi?
Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov baş verənlərin qürurverici olduğunu vurğuladı:
“Aprel döyüşlərində olduğu kimi, iyul döyüşlərində də cəmiyyət baş verənlərə çox həssas yanaşdı. Cəmiyyət həm dövlətə, həm dövlət başçısna, həm də orduya dəstək göstərdi. Bu, cəmiyyətimizin bugünkü nəbzinbi göstərir. Azərbaycan ordusu xalqdan güc alır və xalqımız bu gün yüksək vətənpərərlik ruhuna malikdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə edilən müraciətlərə gəlincə, müraciət edənlərin arasıdna qadınların da yer alması “aslanın erkəyi, dişisi olmaz” məsəlini yada salır. Bu gün cəmiyyətimizin hər bir üzvü eyni mövqedən çıxış edir.
I Qarabağ müharibəsində də Azərbaycan qadınları yaxından iştirak edib. Onlar həm əldə silah düşmənə qarşı dyüşüb, həm də minlərlə yaralı döyüşçümüzə tibb bacısı olaraq şəfqətli əlləri ilə həyat bəxş edib. Bu gün də ordu sıralarında tibb bacısı, rabitəçi kimi çalışan qadınlarımız var.
Hesab edirəm ki, cəmiyyətimizin qadınlı-kişinli doğma vətənin müdafiəsinə qalxması, döyüş əzmi nümayiş etdirməsi təqdirəlayqidir və bu, orduya, ali baş komandana olan dəstəyin göstəricisidir”.
Seymur ƏLİYEV