“Laçınlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər”.
Moderator.az xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyəti aparatının yaydığı məlumatda belə deyilir.
“12 iyul 2020-ci il tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı ordumuzun şücaəti sayəsində qətiyyətlə alınmış, igid döyüçülərimizin həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri oturdurularaq onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbələr vurulmuşdur.
İyulun 15-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə Prezidenti cənab İlham Əliyevin çıxışından sonra ölkəmizin sonra ayrı-ayrı şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 200-dən çox laçınlı gənc də döyüşdə könüllü şəkildə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon bölməsinə müracət edərək hərbi qeydiyyata alınmışdır.
Mənfur düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirak etmək üçün müraciət edən laçınlı gənclərə rayon rəhbərliyinin təşəkkürü çatdırılmış, müraciətləri ilə bağlı onlara müvafiq qanunvericiliyin tələbləri ətraflı izah olunaraq atdıqları bu addım yüksək qiymətləndirilmişdir.
Laçınlılar Azərbaycan ordusuna dəstək vermək üçün hamılıqla Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə tam hazır olduqlarını bəyan etmişlər.
Hazırda da laçınlı gənclərin düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirakları ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon bölməsinə müracətləri davam etməkdədir”,- deyə məlumatda bildirilir.