Moderator.az-ın xəbərinə görə, bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, “Azərbaycan” qəzetinin bu günki sayında dərc olunmuş məqaləsində qeyd olunub.
Nazir qeyd edib ki, Ermənistanın hərbi təcavüzü şəraitində təşəkkül tapan Azərbaycanın ümumi inkişaf və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarıb: “Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısı alınmağa və yalanları ifşa olunmağa başlandı. Erməni lobbisinin sıx cəmləşdiyi ölkələrdə belə Azərbaycan haqqında həqiqətlər bu ölkələrin geniş ictimai dairələrinə sirayət edir. Təəssüflər olsun ki, düşmənçilik strategiyasını seçmiş erməni lobbisi bu gün də ölkəmizə qarşı çirkin addımlar və destruktiv tendensiya nümayiş etdirməkdən çəkinmir”.
Minsk qrupu çərçivəsində aparılan danışıqlara toxunan E.Məmmədyarov vurğulayıb ki, bugünkü vəziyyətinin təhlili onlar tərəfindən daha nəticəyönlü və ədalətli yanaşmaya ehtiyac olduğunu göstərir: “Keçən illər ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, o cümlədən Qoşulmama hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının son Qahirə sammitinin sənədləri artıq münaqişənin həlli çərçivəsini, hüquqi bazasını və onun əsas elementlərini müəyyənləşdirib. Beynəlxalq ictimaiyyətin əsaslandığı bu sənədlər ATƏT-in Minsk qrupunun daha nəticəyönümlü fəaliyyəti üçün əsasdır. Yalnız bu addımlar nəticəsində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birgə yaşayış və əməkdaşlıq mühiti formalaşdırıla bilər. Təəssüflər olsun ki, rəsmi Yerevanın hər iki icmanın nümayəndələrinin görüşlərinin keçirilməsinə mane olması icmalararası etimad mühitinin yaradılmasına və bütövlükdə münaqişənin həllinə mənfi təsir göstərir”.
Nazir sonda vurğulayır ki, ulu öndər Heydər Əliyev irsinə sadiq qalaraq Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və zəngin xarici siyasət sayəsində ötən müddət ərzində Azərbaycan ətrafında əlverişli xarici mühit formalaşdırılıb: “ Bundan başqa, xaricdən olan təzyiqlər, hədə və təhdidlər zərərsizləşdirilib, Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib. Əldə edilmiş nailiyyətlər vahid strategiya çərçivəsində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən prioritet vəzifələrə uyğun olaraq Azərbaycan Respublikası tərəfindən həyata keçirilən müstəqil xarici siyasətin səmərəliliyini, təsir qüvvəsinin genişliyini və tarazlılığını bir daha təsdiq edir. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır”.