Sentyabrın 9-da axşam saatlarında Klassik Xalq Cəbhəsi Partiyasının Gədəbəydə rayonunda 2 fəalı saxlanıb. Saxlananlar partiya sədrinin qərb zonası üzrə müşaviri, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Əli Abdullayev və partiyanın Gədəbəy rayon şöbəsinin sədri Ceyhun Səfərovdur.
Moderator.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, bu barədə KXCP-nin rayon şöbəsinin sədr müavini Telman Ələkbərov məlumat verib. O, Ə. Abdullayevin avtomobilinin də polisdə saxlandığını deyib:
“Saxlanmanın səbəbi bəlli deyil. Polisdən də heç nə demirlər”.
Gədəbəy rayon KXCP-nın məclisinin sədri Səyyaf Musayevin dediyinə görə, KXCP Gədəbəy rayon şöbəsinin sədri Ceyhun Səfərov və KXCP-nin Ali Məclis üzvu Əli Abdullayev ötən gecə yaşadıqları ünvanda Gədəbəy RPŞ-sinin əməkdaşları və mülki geyimli şəxslər tərəfindən polis şöbəsinə aparılıb.
Səyyaf Musayev deyir ki, gecədən indiyədək saxlanılanlarla bağlı nə ailəsinə nə da dostlarına məlumat verilmir.
Səyyaf Musayev deyir ki, yoldaşlarının həbsi seçki qabağı göstərdikləri aktivliyə görə siyasi motiv daşıyır.
Gədəbəy rayon Prokurorunun köməkçisi Anar Nağıyev deyir ki, Əli Abdullayev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün inzibati cərimə edilib və yanındakı Ceyhun Səfərov polisə müqavimət göstərdiyi üçün saxlanılıblar. Anar Nağıyev deyir ki, hər iki şəxs bu gün məhkəməyə çıxarılacaqlar. Prokuror köməkçisi bildirir ki, KXCP üzvlərinin saxlanılmasında heç bir siyasi maraq yoxdur.