İran prezidenti Həsən Ruhani nüvə proqramı, Suriya böhran və digər məsələlərdən danışıb.
Moderator.az-ın
apa-ya istinadən məlumatına görə, H.Ruhani bildirib ki, artıq nüvə məsələsi
İran Xarici İşlər Nazirliyinin öhdəliyinə verilib: “Gələn həftə Nyu-York
şəhərində ilk nüvə müzakirələri keçiriləcək. Həmin görüşdə tərəflər İranla
“altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrini harada davam
etdirəcəklərini müəyyənləşdirəcəklər”.
İran prezidenti deyib ki, bu gün region və Orta Şərq bölgəsi
problemlərlə üzləşib: “Əlbəttə, əvvəldən üzləşdiyi problemlər bugünkündən daha
çoxdur. Suriya məsələsinə gəldikdə, bu ölkə müqavimət cəbhəsinin qarşısında yer
alır. Ona görə də İran üçün xüsusi önəmi var. Biz son iki həftədir Suriyaya
hərbi müdaxilə edilməməsi üçün bütün gücümüzü səfərbər etmişik. Əgər Allah
eləməmiş, müharibə baş versə, onun ziyanlarının daha az olmasına çalışırıq. Düşmənlər
müharibəni davam etdirsələr, tezliklə peşman olacaqlar. Biz bu müddət ərzində
Suriya siyasətini diqqətlə izləmişik. Özüm Suriya məsələsi ilə bağlı bu ölkənin
rəsmiləri ilə danışmışam. İran Xarici İşlər Nazirliyi də bu sahədə fəal olub və
müxtəlif ölkələrlə müzakirələr aparıb”.
İran prezidenti vurğulayıb ki, Suriyada xalqın zəruri ərzaq
məhsulları ilə təmin edilməsi sahəsində problemlər var: “Ona görə də dostcasına
humanitar yardım üçün mövcud problemlərə baxmayaraq, Suriyanın ərzaq məhsulları
xüsusilə unla təmin edilməsi üçün əlaqədar orqanlara göstəriş verirəm. Çünki
hansısa islam ölkəsində çörək probleminin olması bizi narahat edir”.
H.Ruhani bildirib ki, İran müharibənin baş verməməsi üçün bütün
səylərini ortaya qoyub: “Biz müharibənin baş verməyəcəyinə ümid edirik. Əks
təqdirdə, müharibə tərəfdarları bunun üçün yüksək qiymət ödəməlidirlər. Dünya
ictimaiyyəti müharibənin (ABŞ xalqının ölüm şüarı) əleyhinədir. Elə Qərb
ictimaiyyəti də müharibəyə qarşı çıxır. ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük
Britaniyanın parlamentinin Suriyaya qarşı hərbi müdaxilənin əleyhinə səs
verməsinin şahidi olduq. Bu gün İran regionda xarici siyasət sahəsində fəaldır”.