“Bəlkə də Azərbaycan Tovuzdakı erməni təxrubatı zamanı fürsətdən istifadə edib - işğal altındakı hüquqi ərazilərimizdəki erməni hərbi birləşmələrinə gözlənilməz zərbələr endirsə idi, bu gün bütün diqqət xaricdəki erməni-azərbaycanlı qarşıdurmalarına yox, Qarabağa yönələrdi…”
Bu fikri Azərbaycan-Ermənistan sərhəddindəki son gərginlikdən
sonra yaranmış vəziyyətlə bağlı
Moderator.az-a açıqlama verən tanınmış
Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa söyləyib.
“Neçə illərdir,
o yurdların didərgn sakini olan, o torpaqların müdafiəsi uğrunda əlindən gələni
etmiş bir döyüşçü, hərbçi, vətəndaş olaraq deyirik ki, Azərbaycan heç bir kənar
tərəfdən icazə, “xeyir-dua”-filan gözləmədən işğal altındakı torpaqlarımızdakı
hərbi obyektləri, qeyri-qanuni tikinti obyektlərini, məsələn, Araz üzərindəki
körpüləri, Ermənistana yeni çəkilən yolları və s. mülki əhaliyə mümkün qədər az
zərər verməklə dəqiq raket, aviasiya, dron və s. zərbələri ilə vurmalıdır.
Situasiyaya
diqqət edək… Tutaq ki, biz Qarabağdakı -
torpaqlarımızdakı həmin düşmən obyektlərini
vurduq, o halda beynəlxalq birlik, aparıcı dövlətlər, BMT, ATƏT və s. hansı
reaksiyanı verəcək? Bu məsələ dərhal dünya birliyinin müzakirəsinə səbəb
olacaq. Sual ediləcək ki, Azərbaycan niyə
o əraziləri bombaladı, niyə raket zərbəsi endirdi. Və beynəlxalq huquq,
qanunlar müstəqil(!) Azərbaycan
Respublikasının sərhədlərinin BMT çərçivəsində tanınması fonunda həmin suala belə cavab veriləcək: Azərbaycan ona görə həmin əraziləri bombaladı
ki, orada işğalçı qüvvələr tərəfindən qanunsuz tikinti və məskunlaşma aparılır…
O halda belə bir sual da meydana çıxacaq: hansı dövlət işğalçı qüvvələr tərəfindən
aparılan qeyri-qanuni tikinti, abadlaşma, məskunlaşma və s. işlərinə haqq
qazandıra biləcək? Və belə bir durumda hətta
əsrlər boyunca ermənilərə faktiki havadarlıq edərək Azərbaycana qarşı düşmən
mövqe tutan Rusiya belə, “Ermənistan düz edir, haqlıdır”- deyə bilməyəcək… Odur
ki, Azərbaycan Qarabağdakı işğalçı, separatçı qüvvələrə belə zərbələr endirməlidir
ki, torpaqlarımızın 30 ilə yaxın işğal altında
qalması problemini real şəkildə beynəlxalq müstəviyə gətirib onun müzakirəsinə
nail olsun… Bu cür iradəli, qəti addımlar atmasaq, hələ proses on illərlə çəkəcək
və bizim nəinki övladlarımız, nəvə-nəticələrimiz belə, Qarabağ problemin ağrılarını gündəlik həyatlarında
yaşamalı olacaqlar…” –deyə sabiq komandir bildirib.
Sultan
Laçın