Xəbər verdiyimiz kimi, düşmənin “Twitter”də Azərbaycanın Müdafiə Nazirliyinin adına saxta səhifə yaradıb. Bununla bağlı bəyanat verən Müdafiə Nazirliyi, erməni təxribatı ilə bağlı hər kəsi məlumatlandırıb, səhifənin ləğvi üçün ictimaiyyəti məlum səhifənin şikayət etməyə səsləyib.
Moderator.az-a
açıqlama verən Respublika Veteranlar Təşklilatının sədr müavini, polkovnik Cəlil
Xəlilov düşmənin təxribatlarına qarşı mübarizədə media və ictimaiyyətin aktiv
iştirak etməsinin vacib olduğunu vurğuladı:
“Ermənilərin
son addımı düşmənin informasiya təxribatının davam etdiyini, işğalçı dövlətin
beynəlxalq ictimaiyyəti aldatmaq üçün yeni təxribatlara əl atdığını göstərir.
Bu fakt onu göstərir ki, iyul döyüşlərində məğlub olan Ermənistan, işğaldakı
torpaqları azad etmək haqqında deyil, yeni təxribatlar və yalanlar haqqında
düşünür. Düşmən yalan informasiyalarla ictimai rəyi çaşdırmağa, xalqımızın və
ordumuzun mənəvi-psixoloji durumuna təsir göstərməyə çalışır.
Şübhəsiz,
hər bir azərbaycanlı, xüsusilə də milli mediamız düşmən təxribatlarının
qarşısının alınmasında yaxından iştirak etməli, bu kimi məsələlərdə Müdafiə
Nazirliyinə əlindən gələn dəstəyi əsirgəməməlidir. Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər və odur
ki, bir an belə olsun sayıqlığımızı itirməməliyik. Çalışmalıyıq ki, düşmən təxribatlarını
vaxtında de-şifrə edək, bu təxribatları birlikdə dəf edək.
Unutmaq
olmaz ki, biz düşmənlə bütün müstəvilərdə mübarizə aparırıq və bu mübarizənin
uğurla başa çatması üçün hər birimizin dövlətimizin ətrafında sıx birləşməsinə,
onun hər bir çağırışına anındaca cavab verməyimizə ehtiyac var. Əminəm ki, bu
günə qədər bu mübarizədə böyük əmək sərf edən KİV, bundan sonra da dövlətimizə
lazımi dəstəyi verəcək və düşmən təxribatlarının ifşa edilməsində hər zamankı
kimi yaxından iştirak edəcək”.
Seymur ƏLİYEV