Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkil edilməsi” layihəsinin icrasına başlayıb.
Layihə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib
ki, Layihənin məqsədi COVİD-19
pandemiyasının şərtləri altında nikah aktlarını təxirə salan, gözləmə
mövqeyi tutan şəxslər üçün konsultativ yardımlar təşkil etməkdir. Belə şəxsləri
yeni dövrün şərtlərinə uyğun formalaşdırılmış nikah mərasimləri formaları
ilə tanış etmək, bu yolla, nikah proqramlarını yeni dövrün şərtlərinə uyğunlaşdırmağa
sövq etməkdir. Nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər
formalaşır. Mütəxəssislərin, ekspertlərin bu yöndə təklif və tövsiyyələrinin ictimailəşdirməsi, cəmiyyətə çatdırılması və
dərk edilməsi üçün KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir. Layihənin
məqsədlərindən biri KİV-lərin bu sahədə rolunun stimulaşdırılmasından
ibarətdir.
Həmçinin, gənc, imkansız ailələrə konsultativ və
maddi yardım göstərmək də layihənin əsas
məqsədləri sırasındadır.
Ələsgərli qeyd edib ki, pandemiya dövründə
Azərbaycanda və digər ölkələrdə tətbiq edilən yeni nikah -toy mərasimləri
formaları barədə bilgilər, həmçinin, mövzu üzrə
ekspert tövsiyyələri əyani vəsait – kitabça formasında
toplanılacaq. PDF variantda hazırlanacaq kitabça internet resurslarında
yerləşdiriləcək və hər kəs üçün əlçatan olacaq.
İP göstəricisi yüksək olan internet TV-lərdən
birində mövzu üzrə müzakirələr təşkil ediləcək. TV müzakirədə mövzu üzrə
ekspert iştirak edəcək, sualları
cavablandıracaq.
Bakı şəhərində, Cəlilabad və Masallı rayonlarında (sərt
karantin rejimi tətbiq edilmiş şəhər və rayonlarda) 30 nəfər gənc və
imkansız ailə müəyyənləşdiriləcək, onlarla konsultativ söhbət aparılacaq və
sosial yardım göstəriləcək.