Belarusda yaşı 35-ə qədər olan və orduda xidmət keçmiş kişilər 25 günlük təcili səfərbərliyə cəlb olunmasına start verilib. Minskinin bu qərarı Rusiya ilə gərginləşən münasibətlər fonunda aldığı bildirilir.
Maraqlıdır,
Rusiya və Belarus arasındakı gərginliyin həqiqətən də hərbi müstəviyə daşınması
mümkündürmü?
Moderator.az-a
açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan
Şahinoğlu proseslərin ən müxtəlif məcrada inkişafının gözlənilən olduğunu qeyd
etdi:
“Məncə bu Lukaşenkonun piar gedişidir. O, əlbəttə
ki, Rusiya ilə müharibə etməyəcək. Sadəcə, dünyanı inandırmağa çalışır ki, Rusiya
Belarusa təzyiq edir və s. Əslində, bu məsələdə həqiqət payı var.
Bildiyiniz kimi,
Belarusda “Vaqner” üzvləri həbs olundu. Rusiya tərəfi bildirdi ki, guya oradan
İstanbula gedəcəklər. Amma təbii ki, bu, əsassız bri açıqlama idi. Çünki “Vaqner”
Türkiyənin də dostu deyil və istər Suriyada, istərsə də Liviyada türk ordusu ilə
qarşıdurmadadır. Hiss olunur ki, Rusiya Lukaşenkodan narazıdır və onu başqası
ilə əvəzləməyə çalışır.
Hesab edirəm ki, 9
avqustdan sonra Lukaşenko yenidən öz prezidentliyini elan edəcək. Ola bilsin
ki, müxalifət küçələrə çıxsın. Belə olaesa, qarşıdurma da ola bilər. Lukaşenko ona
görə qoşunlarını sərhəddə yığır ki, Rusiya müdaxilə edə bilməsin.
Amma proseslər Rusiyanın
istədiyi məcrada getməsə, o zaman Kreml hadisələrə müdaxilə edə bilər. Çünki Rusiya
Ukraynadan sonra Belarusu itirə bilməz. Bu, imic məsələsidir. Hər şey avqustun
9-dan sonra bəlli olacaq. Lukaşenkonun seçilməsindən sonra müxalifət özünü necə
aparacaq, küçələrdə müxalifət-polis qarşıdurması olacaqmı və Rusiyanın müdaxilə
imkanları nədən ibarət olacaq – hər şey bütün bu amillərdən asılı olacaq. Vəziyyət
elə həddə çata bilər ki, bu gün Rusiya ilə ciddi gərginlik içində olan Lukaşenkonun
özü rus ordusunu Belarusa dəvət edə bilər. Bu ehtimal da istisna deyil”.
Seymur ƏLİYEV