Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Yasamalda tikilməkdə olan yeni parkda görülən işlərlə tanış olub. Səfər əsnasında buradakı böyük ərazinin vaxtiylə zəbt edildiyini bildirən ölkə başçısı, məhz onun müdaxiləsindən sonra qanunsuz hasarların söküldüyünü qeyd edib:
“Mən buraya bir müddət
bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gəlmişdim və o vaxt
göstəriş verdim ki, burada yerləşən bu binalar əsaslı şəkildə təmir olunsun. Çünki gördüm ki,
bu binalar artıq köhnəlib, həmçinin xarici görünüşü heç bir standarta uyğun gəlmir.
Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir. Ona görə binaların
kompleks şəkildə təmir edilməsi ilə bağlı müvafiq göstəriş verdim. Eyni
zamanda, o vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb,
hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu,
kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş
verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə
cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir
park verilsin”.
Məmurlar tərəfindən dövlət
torpaqlarının zəbtinin qarşısının alınması, bu cür halların müəyyən edilməsi
üçün sadəcə Bakıda deyil, bütün ölkədə nəzarət mexanizminin gücləndirilməsinə
ehtiyac varmı?
Moderator.az-a açıqlama
verən ADP sədri Sərdar Cəlaloğlu bu cür hallara görə öncə əlaqədar dövlət
qurumlarının cavab verməli olduğunu qeyd etdi:
“Ölkəmizdə həm dövlət, həm
də ictimai torpaqlara nəzarət idarələri var. Əgər hardasa hansısa məmur bu
torpaqları zəbt edirsə, deməli, həmin idarələr öz işinin öhdəsindən lazımi səviyyədə
gələ bilmir.
Təbii ki, Azərbaycanın
bütün ərazisində istər bələdiyyə, istərsə də dövlət torpaqlarını qeyri-qanunu şəkildə
mənimsəyiblər. Şübhəsiz ki, torpaqların qanunsuz zəbt edilməsinə qarşı mübarizə
bütün ölkə üzrə həyata keçirilməlidir. Buna qarşı yalnız ölkə başçısı mübarizə
aparmamlıdır. Buna cavabdeh olan dövlət qurumları bu məsələdə aktivlik sərgiləməli,
torpaqlara ciddi nəzarət etməlidir. Qanunvericilik səviyyəsində torpağa münasibətin
dəyişilməsinə nail olunmalıdır”.
Seymur ƏLİYEV