Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombasının atılmasının 75-ci ildönümüdür. Hansı ki, bu böyük faciə Ermənistanda fəaliyyət göstərən və region üçün son dərəcədə riskli olan Mertsamor AES-in mövcudluğunu yada salır. Bu təhlükə Qafqaz ölkələri ilə yanaşı, İran və Türkiyə üçün də eyni dərəcədə ciddi təhdiddir.
Moderator.az-a açıqlama
verən jurnalist-tarixçi Seymur Əliyev Heydər Əliyevin illər öncə bu təhlükəyə
diqqət çəkdiyini, bunu Azərbaycanla yanaşı, digər qonşu dövlətlər üçün də təhlükə
hesab etdiyini vurğuladı:
“Heydər Əliyev Metsamoru
sadəcə Azərbaycan və Gürcüstan üçün deyil, həm də İran və Türkiyə üçün böyük təhlükə
hesab edirdi. O, bu gerçəyi Türkiyə mediasının da diqqətinə çatdırmağa çalışır,
Metsamor təhlükəsinə qarşı birgə mübarizəni olduqca vacib hesab edirdi. Heydər
Əliyev hesab edirdi ki, qəzalı vəziyyətdə olan Metsamorda baş verəcək hər hansı
bir qəza Türkiyənin yarısında özünün hiss etdirəcək ,qardaş ölkə üçün ciddi
problemlər yaradacaq. Təsadüfi deyil ki, Heydər Əliyev türk jurnalistləri ilə
görüşlərinin birində Türkiyənin bu amilə diqqət yetirməsinin önəminə toxunmuş və
demişdir:
“Ermənistanda böyük bir
atom elektrik stansiyası vardı. 1990-cı ildə onu bağladılar. Çünki Ukraynanın
Çernobıl şəhərindəki atom elektrik stansiyasında böyük bir fəlakət oldu.
Çernobıl faciəsindən 11 il keçib, amma insanlar indiyə qədər şikəstdirlər, əlildirlər.
Buna görə bu, təhlükəli bir şeydir. Ermənilər 1990-cı ildə atom elektrik
stansiyasını tamam bağladılar. Amma sonra, iki il bundan əvvəl Rusiyadan həm
böyük maliyyə, həm də texniki yardım verdilər, onların mütəxəssisləri, alimləri
gəlib həmin atom elektrik stansiyasını bərpa etdilər, işə saldılar.
Bu
atom elektrik stansiyası, ümumiyyətlə Ermənistan üçün də, Türkiyə üçün də təhlükəlidir.
Bunu bilin, əgər orada bir qəza baş versə, Türkiyənin yarısı gedəcəkdir. Ona
görə də mən hesab edirəm ki, Türkiyə buna etiraz etməlidir”.
Təəssüflər olsun ki, Azərbaycanın bütün səylərinə rəğmən, bu gün də Metsamor AES-in fəaliyyəti davam edir. Ermənistandakı bu stansiya dünən olduğu kimi bu gün də həm Azərbaycan, həm də Türkiyə üçün təhdid mənbəyi olaraq qalmaqdadır. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə olduğu kimi, Metsamor təhlükəsinə qarşı mübarizədə də əmədkaşlığı inkişaf etdirməsi zəruridir”.