Məlum olduğu kimi, avqustun 5-dən etibarən Operativ Qərargah karantin qaydalarının qismən yumşaldılması ilə bağlı addımlar atıb, sms məhdudiyyəti ləğv edilib. Bəs koronavirusla mübarizədə müsbət dinamikanın müşahidə olunduğu indiki məqamda karantin qaydalarının bir qədər də yumşaldılması mümkündürmü? Ictimai iaşə obyektlərinin, iş yerlərinin açılması hansı nəticələrə səbəb ola bilər? İş yerlərinin açılması fonunda insanların sağlamlığını qorumaq, yoluxma hallarının artmasını ənmgəlləmək olarmı?
Moderator.az-a
açıqlama verən “Sağlamlığın
Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva,
müəyyən şərtlərə əməl etməklə, yumşaltma təbbirlərini davam etdirməyin mümkün
olduğunu vurğuladı:
“Rəsmi statistikadan göründüyü kimi, son günlər
ölkəmizdə pandemiyaya qarşı mübarizədə müsbət dinamika əldə edilməkdədir. Hansı
ki, belə bir nəticənin əldə edilməsi hər şeydən öncə həkimlərimizin fədakar əməyi,
onların böyük səyi və zəhməti sayəsində mümkün olub. Bunu ölkə başçısı bugünkü konfransda
da vurğuladı və həkimlərimizin əməyinə yüksək qiymət verdi.
Hesab edirəm ki, indiki məqamda yumşaltma tədbirlərinin
mərhələli şəkildə davam etdirilməsi mümkündür. Lakin bu, o halda ola bilər ki,
hər kəs bundan sonra da qaydalara ciddi şəkildə əməl etsin, qaydaları pozan,
karantin qaydalarına məsuliyyətsiz yanaşan şəxslər məsuliyyətə cəlb edilsin,
açılan bütün obyektlər, ictimai iaşə müəssisələri, ticarət obyektləri üzərində
ciddi nəzarət tətbiq olunsun. Çünki proseslərin gedişatı insanların
davranışından, onların karantin qaydalarına nə dərəcədə ciddi əməl etməsindən
asılıdır.
Şübhəsiz, burada söhbət yalnız o obyektlərin
açılmasından gedir ki, onlar lazımi standartlara cavab verir, habelə, bu
obyektlərdəki iş prosesi karantin qaydalarına uyğun şəkildə təşkil olunur. Bu
obyektlərin açılması insanların sosial rifahının yaxşılaşmasına müsbət təsir
göstərməklə yanaşı, ölkənin iqtisadi həyatında aktivliyi, müsbət dinamikanı da
təmin edər. Həmçinin, bu cür obyektlərin fəaliyyətinə çevik və konkret
standartlar əsasında nəzarət etmək üçün müvafiq tədbirlər planı da hazırlana
bilər. Məsələn, restoran və kafelərdə masalar arasında məsafənin ən az 1,5
metr, stullar arasında isə 60 sm olması, bütün avadanlıqların hər müştəridən
sonra dezinfeksiyaedici məhlulla silinməsi, süfrədə birdəfəlik duz, salfet,
dezinfeksiyaedici gelin qoyulması, qida təhlükəsizliyinə, mətbəx təmizliyinə
ciddi əməl olunması və s. fonunda bu müəssisələrin açılması təmin edilə bilər.
Bundan başqa, karantin səbəbi ilə bu günə qədər
bağlı qalan iş yerlərinin açılması insanların psixologiyasına da müsbət təsir
göstərər. İndiki şəraitdə vətəndaşlarımızın fiziki sağlamlığı ilə yanaşı,
onların psixologiyasının da qorunması olduqca vacibdir. Düşünürəm ki, bu kimi
addımlar insanların psixoloji gərginliyinin, mənəvi yorğunluğunun ortadan
qaldırılması baxımından da faydalı olar”.
Seymur ƏLİYEV