“Bütün dünyanın pandemiya ilə mübarizəyə səfərbər olduğu bir dövrdə şəhid ailələrinə, müharibə əlillərinə, o cümlədən milli qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğı dövlətin həm iqtisadi qüdrətinin, həm də vətəndaşlarımıza verdiyi dəyərin bariz göstəricisidir”.
Bu sözləri Moderator.az
saytına ötən gün Gəncədə şəhid ailəsi və Qarabağ əlillərinə mənzillərin paylanması
ilə bağlı açıqlamasında millət vəkili
Tamam Cəfərova deyib.
Deputat açıqlamasında
bildirib ki, belə bir çətin dövrdə şəhid
ailələri və əlilliyi olan şəxslərə evlərin və avtomobillərin təqdim olunması,
bütövlükdə bu prosesin ləngimədən davam etməsi Azərbaycanın iqtisadi
potensialını ortaya qoymaqla yanaşı, dövlətin sahib olduğu dəyərləri, vətən
uğrunda, ölkəmizin müstəqilliyi uğrunda canından keçən insanlara verilən ən
yüksək dəyərin nümayişidir. İyulun 21-də cənab Prezidentin və birinci-vitse
prezident Mehriban xanımın iştirakı ilə Xətai rayonunda şəhid ailələri və əlilliyi
olan şəxslərə evlərin və avtomobillərin təqdim olunması mərasimində Cənab
prezidentin dediyi sözlər bunu bir daha sübut edir:
“Müqayisə üçün deyə bilərəm
ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən
ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid
ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim
edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə
başa çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait
nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin
həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini,
müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra
olunur”.
Tamam Cəfərova qeyd edib
ki, pandemiya ilə mübarizə dövründə vətəndaşların sosial müdafiəsi həmişə cənab
Prezidentin diqqət mərkəzində olub və olmaqdadır:
“Heç bir sosial layihə təxirə
salınmadı, əksinə pandemiyanın iqtisadi və sosial fəsadlarını aradan qaldırmaq
məqsədilə məlum layihələr həyata keçirildi və bu davam etdirilir. Bütün bunlar
bir daha göstərir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur
və cənab Prezidentin həmişə öz vətəndaşının
yanındadır.
Bütün bu işlərə qlobal
iqtisadiyyatın çökdüyü bir zamanda 3,5 milyard manat maliyyə xərclənib, deyən
millət vəkili qeyd etmişdir ki, Azərbaycan koronavirus pandemiyası ilə uğurlu mübarizə
aparan ölkələrdəndir. Dünyada 150-dən çox ölkə pademiya ilə mübarizə aparmaq
üçün beynəlxalq maliyyə institutlarından borc aldığı halda, Azərbaycan nəinki
pandemiya ilə uğurlu mübarizə aparır, həm də bir çox ölkələrə və beynəlxalq təşkilatlara
maliyyə yardımı göstərib. Bu təkcə Azərbaycanın dünyada güclü və nüfuzlu dövlətə
çevrilməsinin göstəricisi deyil, həm də pandemiyaya qarşı qlobal mübarizənin təşəbbüskarı
və təşkilatçısı olaraq, öz üzərinə götürdüyü bir məsuliyyətdir”.
Seymur ƏLİYEV