Məlum olduğu kimi, Serbiyanın Ermənistana silah satması faktı ilə əlaqədar olaraq, adıçəkilən dövlətdən Azərbaycana nümayəndə heyəti göndəriləcək. Serb nümayəndə heyətinin gəlişində məqsəd məlum faktın araşdırılması, Azərbaycan tərəfinin bununla bağlı suallarının ətraflı şəkildə cavablandırılmasıdır.
Serbiyanın Azərbaycanın
narahatlığını nəzərə alaraq, ölkəmizə nümayəndə heyəti göndərməsi ilə bağlı qərarı
ölkəmizin diplomatik uğuru sayıla bilərmi?
Moderator.az-a açıqlama verən
millət vəkili Fazil Mustafa bunu ölkəmizin uğuru kimi dəyərləndirməyin
mümkünlüyünə toxundu:
“Təbii ki, bu, Azərbaycanın
diplomatik uğurudur. Bu, həm də onu göstərir ki, Serbiya tərəfi də anlayır ki,
bütün hallarda Azərbaycanla dostluğu qurban vermək olmaz. Azərbaycan Serbiyaya ən
çətin vaxtlarda dəstək verən dövlətlərdən biridir. Serbiyada da bunu qiymətləndirirlər.
Serbiyanın Ermənistana
silah verməsi bizim üçün olduqca üzücüdür. Serbiyanın bu addımı atması göstərir
ki, Serbiya əsl həqiqətin üzə çıxmasında maarqlıdır. Ola bilsin ki, bu addımı
hansısa hökumətdənkənar qüvvələr edib.
Azərbaycan tərəfinin bu
istiqamətdə səyləri uğurlu sayıla bilər. Serbiyanın bu addımı atması göstərir
ki, qarşı tərəf vəziyyətin nə dərəcədə ciddi olduğunu anlayır. Başa düşürlər
ki, məsələyə aydınlıq gətirilməsə, bu, münasibətlərin korlanmasına gətirib
çıxara bilər. Bu baxımdan Serbiyanın bu addımı səmimiyyətdən xəbər verir”.
Seymur ƏLİYEV