Xəbər verdiyimiz kimi, Serbiya Baş Nazirinin müavini, Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfər edəəck. Səfərdə əsas məqsəd Serbiyanın Ermənistana satdığı silahlarla bağlı məsələni araşdırmaqdır.
Moderator.az-a açıqlama
verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Neboyşa
Stefanoviçin ölkəmizə səfərini ilk növbədə dövlətimizin diplomatik uğuru kimi
qiymətləndirdi:
“Təbii ki, Serbiya Baş
Nazirinin müavini, Daxili İşlər Naziri Neboyşa Stefanoviçin məlum problemlə
bağlı ölkəmizə səfəri hər şeydən öncə Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirməlidir.
Bu fakt onu göstərir ki, Azərbaycan diplomatiyası bu məsələnin ölkəmiz üçün nə
qədər həssas olduğunu Serbiya tərəfinin diqqətinə çatdıra, qarşı tərəfi bu məsələ
ilə bağlı araşdırma aparmağın vacibliyinə inandıra bilib.
Beynəlxalq qanunlar, beynəlxalq
konvensiyalar işğalçıya silah satmağı, onu hər hansı formada silahlandırmağı
qadağan edir. Ermənistan isə bütün dünyada işğalçı dövlət kimi tanınır. BMT-nin
məlum qətnamələri bunun ən böyük təsdiqidir. Belə olan halda, işğalçı dövlətə
silah satmaq, həm də beynəlxalq qanunları kobud surətdə pozmaq, minlərlə
insanın həyatı üçün təhlükə yaratmaq deməkdir. Bu baxımdan Serbiya dövlətinin
bu məsələni ciddi şəkildə araşdırması, Azərbaycanın bununla bağlı bütün
suallarına aydınlıq gətirməsi vacibdir.
Bu fakt bir daha sübut
edir ki, Azərbaycan işğalçının hər bir addımını diqqətlə izləyir və onun
silahlanmasının qarşısını almaq üçün lazımi qətiyyət və prinsipiallıq sərgiləyir.
Serbiyanın timsalında baş verənlər həm də digər dövlətləri üçün bir xəbərdarlıq
olmalıdır. Silah istehsalı ilə məşğul bütün dövlətlər bilməlidir ki, işğalçıya
silah satacaqları təqdirdə Azərbaycan tərəfinin qətiyyətli mövqeyi ilə üz-üzə
qalacaq, bu müstəvidə atdıqları hər bir addıma görə ölkəmizə cavab verməli
olacaqlar. Bu, Azərbaycan üçün prinsipial məsələdir və torpaqlarımız işğladan
azad olunan günə qədər də prinsipiallığını qoruyub saxlayacaqdır”.
Seymur ƏLİYEV