Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşündə iki dövlət arasında qarşılıqlı səfərlərlə bağlı maraqlı təkliflər səslənib. Belə ki, Türkiyə XİN-nin rəhbəri Mövlud Çavuşoğlu qarşılıqlı səfərlər zamanı pasportdan istifdə zərurətinin ortadan qaldırılmasına toxunub:
“Biz
bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla
şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik”.
Qarşılıqlı səfərlərdə
pasportdan istifadənin aradan qaldırılması, səfərlərin sadəcə şəxsiyyət vəsiqəsi
ilə gerçəkləşdirilməsi nə dərəcədə məqsədəuyğun olar?
Moderator.az-a açıqlama
verən ADP sədri Sərdar Cəlaloğlu bu təklifi dəstəklədiyini vurğuladı:
“Azərbaycan Türkiyə ilə fərqli
münasibətlər qurmalıdır. Yəni Azərbaycanla Türkiyənin başqa dövlətlərlə eyni müansibətlərə
malik olması yanlış olar. Bir halda ki, biz bir millət iki dövlətik, o zaman hər
bir dövlətin vətəndaşı da digər dövlətlə münasibətdə bu dövlətin vətəndaşından
fərqli ayrı-seçkiliyə məruz qala bilməz. Bu mənada iki dövlət arasında səfərlərin
pasport əsasında həyata keçirilməsi, bir millət iki dövlət prinsipinə ziddir. Azərbaycan
və Türkiyə arasında qarşılıqlı səfərlərin şəxsiyyət vəsiqəsi əsasında gerçəkləşməsinə
ehtiyac var və bu məsələdə Türkiyə XİN rəhbərinin təklifi təqdirəlayiqdir”.
Seymur ƏLİYEV