Son günlər Türkiyənin Azəörbaycanda hərbi baza yaratmasının vacibliyi ilə bağlı səslənən təkliflərin sayı artmaqdadır. Bəzi siyasilər hesab edir ki, belə bir addım Azərbaycanın təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması ilə yanaşı, işğalçı və onun havadarlarına da ciddi mesaj olar.
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə isə bu barədə deyilənlərin tamamilə absurd olduğunu, belə bir bazanın yaradılmasına ehtiyac duyulmadığını qeyd etdi:
“ABŞ-ın dünyada 800-dən çox bazası var. Lakin nə Meksika, nə də Kanadada bazası yoxdur. Çünki bu ölkələrin ikisi də ABŞ-a qonşudur və onun üçün əlçatandır. Buna görə də orada bazaya ehtiyac yoxdur.
Baza ona görə lazımdır ki, əlin çatmayan yerdə özünü üçün dayaq nöqtəsi yaradasan, orada qoşun yerləşdirəsən və daha uzaq məsafələrdə fəaliyyət göstərə biləsən. Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq nəyinə lazımdır? Naxçıvanla Türkiyə həmsərhəddir. Türkiyə Ermənistanıla da həmsərhəddir. Türkiyənin Azərbaycana da, Ermənistana da əli çatır. Buna görə də Türkiyənin Azərbaycanda baza yaratması ilə bağlı deyilənlər tamamilə boş söhbətdir. Eyni məntiqlə yanaşssaq, belə bir bazanın yaradılması Azərbaycana da lazım deyil. Çünki Türkiyənin əli Azərbaycana çatdığı üçün, lazım gələndə Türkiyə istənilən an ölkəmizə yardım göstərə bilər. Rusiya ona görə Ermənistanda baza yardıb ki, onların ümumi sərhədləri yoxdur. Türkiyə ilə Azərbaycan arasında isə belə bir sərhəd var və buna görə də belə bir bazanın yaradılmasını zəruri edən heç nə yoxdur”.
Seymur ƏLİYEV