Cümşüd Nuriyev: “Onların büdcənin formalaşmasındakı payı cəmi 25%-dir, halbuki...”
“İxracatımızda özəl sektorun payı cəmi 17%-dir. Amma büdcənin formalaşmasında özəl sektorun payı 75% təşkil edir”.
Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspertin sözlərinə görə, büdcə ödəmələri ilə bağlı göstərici, əslində hər iki sektorla bağlı əsl vəziyyəti ortaya qoyur:
“Azərbaycanda büdcəyə gələn hər bir manatın 75 qəpiyi özəl sektordan gəlir. Halbuki, ölkədə bu qədər dövlət şirkətləri var. Onların başında dayananlar az qala nazir statusunda çıxış edir. Onların hər şeyi var. Rusiya və digər ölkələrdə dövlət şirkətləri büdcə formalaşmasının 60%-ni həyata keçirirlər. Bizdə isə biabırçılıqdır. Bizdə dövlət şirkətlərinin büdcənin formalaşmasında iştirakçılıq payı 25%-dir.
Vəziyyyətin təhlili bir daha onu göstərir ki, bəzi dövlət şirkətləri iqtisadiyyatımıza qara yara kimi yapışı və metastaz veriblər. Onları oradan qoparmaq olmur. Onlar “ağanəzərəm, belə gəzərəm” prinsipi ilə hərəkət edirlər. Odur ki, bu qurumlarla bağlı ciddi araşdırmaların aparılması vacibdir.
Bu arada İqtisadiyyat naziri Mikayıl Cabbarovun fəaliyyəti təqdirəlayiqdir. Çünki məhz onun xidməti sayəsində bu günə qədər mövcud olan bir sıra problemlər üzə çıxıb, ölkə rəhbərliyinin diqqətinə çatdırılıb. O, büdcənin gəlir hissəsinin formalaşmasında dövlət şirkətlərinin rolunu göstərdi. Bu vaxta qədər bu həqiqətləri açıb ortaya qoyan yox idi. Bunu Vergilər Nazirliyi ortaya qoymalı idi. Orada struktur dəyişikliyi gedəndən sonra biz ciddi dəyişikliklərə şahid olduq. Mikayıl Cabbarov Azərbaycanın vergi sistemini hardasa XIX əsrdən XXI əsrə daşıdı. Bu, danılmaz faktdır.
İqtisadiyyat Nazirliyinin fəaliyyəti olduqca uğurludur. Çox gözəl işlər həyata keçirirlər. Ümid edirəm ki, biz yaxın gələcəkdə daha ciddi uğurlara şahid olacağıq”.
Seymur ƏLİYEV