Xəbər verdiyimiz kimi, işğal edilmiş torpaqlarımızdakı separatçı qurum bəzi qondarma idarəetmə “strukturları”nı Xankəndindən Şuşaya köçürəcəyini bəyan edib. Məlum yeniliyin Şuşanın paytaxt elan edilməsinə hazırlıq fonunda gerçəkləşdiyi ehtimal edilir.
Maraqlıdır, Ermənistanın işğaldakı Azərbaycan torpaqlarında yaratdığı oyuncaq qurumun atdığı bu addım. Qarabağ probleminin sülh yolu ilə həllinə vurulan növbəti zərbə kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Cavid Osmanov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu, Ermənistanın ilk təxribatı deyil. Ermənistan uzun illərdir ki, çoxsaylı təxribatlar həyata keçirərək Qarabağ probleminin sülh yolu ilə həllindən yayınmağa çalışmaqdadır. Işğalçı dövlət bəzi ölklərin dəstəyi sayəsində problemin həllinin uzanmasına nail olub.
Qondarma rejimin bəzi “strukturları”nın Xankəndindən Şuşaya köçürülməsi də ermənilərin növbəti təxribatıdır. Ermənistan bu təxribatlar hesabına problemin sülh yolu ilə həlli perspektivini tamamilə ortadan qaldırmaq üzrədir. Təbii ki, Ermənistan bu məsələdə bəzi qüvvələrə güvənir. Hansı ki, Rusiyanın Ermənistana Tovuz olaylarından sonra 400 tona qədər silah-sursat verməsi faktı işğalçının hansı qüvvələr tərəfindən himayə edildiyi ilə bağlı aydın fikir formalaşdırır. Baş verənlər göstərir ki, Ermənistan bu gün də Rusiyanın timsalında özünə “böyük qardaş” görür.
Ermənistan nə iqtisadi, nə də siyasi müstəqilliyə malik deyil və onun boğzındakı kəndir bəzi böyük dövlətlərin əlindədir. Bu dövlətlər zaman-zaman ölkəmizə təzyiq göstərmək üçün Ermənistan amilindən istifadə etməyə çalışırlar. Lakin avqustun 12-də prezident İlham Əliyevin rusiyalı həmkarı ilə telefon danışığında Azərbaycanın maraqlarını qəti şəkildə müdafiə etməsi, Rusiyanın Ermənistana göndərdiyi silahlara görə öz etirazını açıq şəkildə ortaya qoyması göstərir ki, dövlətimiz bu məsələdə kimsəyə güzəştə getmək niyyətində deyil.
Ermənistanın bu addımı Qarabağ probleminin sülh yolu ilə həllinə vurulan ciddi bir zərbədir və bir daha rəsmi İrəvanın problemi diplomatik yolla həllində maraqlı olmadığını göstərir”.
Seymur ƏLİYEV