Moderator.az-ın
verdiyi xəbərə görə, bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
İclasda verilən qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra
partiyadaxili məsələlərə baxılıb. Bu barədə məlumat partiyanın mətbuat xidmətindən
daxil olub.
Bildirilir ki,
toplantıda 15 Sentyabr ”“ Bakının azad olunmasının 95 illiyi ilə əlaqədar qəhrəman
türk əsgərinə Xatirə Abidəsinin Müsavat Partiyası və Milli Şuranın təmsilçiləri
tərəfindən ziyarət olunmasına dair məlumat verildi. Bu hadisənin Azərbaycan
dövlətçiliyi və Azərbaycan-Türkiyə münasibətlərinin ən önəmli səhifələrindən
biri kimi tarixi əhəmiyyəti bir daha vurğulandı.
Partiyadaxili məsələlərin
müzakirəsində Müsavat Gənclər Təşkilatının konfransa hazırlığı ilə bağlı məlumat
verilib. Qeyd olundu ki, artıq Konfransa Hazırlıq üzrə 6 nəfərdən ibarət Təşkilat
Komitəsi yaradılmışdır. Komitə özünün ilk iclasını keçirib və konfransa
hazırlıq məsələləri ətraflı müzakirə olunaraq bir sıra qərarlar qəbul olunub.
İctimai-siyasi məsələlər
bölümündə Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizəd kimi qeydə
alınması təqdir olunub, onun sənədlərinin hazırlanmasında və imzatoplama
kampaniyasında fəal iştirak etmiş və əziyyəti olan hər kəsə partiya adından bir
daha təşəkkür elan olunub. Eyni zamanda namizədlərin qeydə alınması prosesində
hakimiyyətin qanunlara və obyektivliyə deyil, subyektiv yanaşmasına əsasən qərar
verməsi də pislənilib. Buna misal kimi imzatoplama potensialları şübhə doğuran
bir sıra namizədlər qeydə alındığı halda 40 mindən artıq imza təqdim
etmiş siyasi məhbus İlqar Məmmədovun namizədliyinin qeydə alınmamasını göstərmək
olar.
Həmçinin siyasi məhbusların
hələ də hakimiyyət tərəfindən girovluda saxlandığı qeyd olundu və xüsusən seçki
ilində belə halların aradan qaldırılmasının zərurəti bir daha vurğulanıb.
Şərlənərək həbs
olunmuş NİDA-çı gənclərə əlavə ağır cinayət ittihamının irəli sürülməsinin əsassız
və yolverilməz olduğu bildirildi və hakimiyyətdən onların azadlığa buraxılması
tələb olunub. Həmçinin bu hadisə fonunda NİDA-çı Rəşadət Axundovun babası Ənayət
Axundovun intihar etməsinin siyasi və mənəvi məsuliyyətinin hakimiyyətin üzərinə
düşdüyü və bununla da xalqla hakimiyyət arasındakı uçurumun daha da dərinləşdiyi
nəzərə çatdırılıb.
Sentyabrın 22-də
Milli Şuranın keçirməyi nəzərdə tutduğu mitinq ətrafında müzakirələr gedib və
Müsavat Partiyasının bu mitinqə hazırlığı və görəcəyi işlər barədə danışılıb. Həmçinin
Azərbaycanda dəyişikliyin olmasını istəyən hər bir vətəndaşa mitinqdə aktiv
iştirak etmək barədə çağırış edilib.
İclasın sonunda
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin və Milli Şuranın İcra Aparatının
rəhbəri Eldar Namazovun Divan üzvləri ilə görüşü baş tutub. Görüş zamanı seçki
prosesi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlərə
baxılıb.