Rusiyanın Ermənistana 400 ton miqdarında silah-sursat verməsi son günlərin ən çox müzakirə edilən məsələlərindən biridir.
Maraqlıdır, gəlcəkəkdə bu cür halların təkrarlanmaması, işğalçı ölkəyə digər dövlətlərin silah satmasının qarşısının alınması üçün bu məsələ üzərində beynəlxalq təşkilatların nəzarətinin gücləndirilməsi nə dərəcədə faydalı ola bilər?
Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, işğalçı dövlətə silah satılmasının ciddi qanun pozuntusu olduğunu vurğuladı:
“Təbii ki, işğalçı dövlətə hər hansı bir ölkənin silah satması yolverilməzdir və bu, hər şeydən öncə beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir. Ermənistan Rusiyanın hərbi müttəfiqidir və hər zaman bu münaqişənin canlanmasının arxasında Rusiyanın kölgəsi görünür. Rusiya Azərbaycanla tərəfdaşlıq, yaxın qonşuluq siyasərini həyata keçirmək istəyirsə, buna son qoymalıdır.
Serbiya tərəfi də Ermənistana silah satışı ilə bağlı araşdırma apardı. Serbiya da Azərbaycanla normal münasibətləri davam etdirmək istəyirsə, bu cür hallara son qoymalıdır.
Ermənistan işğalçı dövlətdir. Ermənistanı sülhə məcbur etmək lazımdır. Ermənistan yalançı danışıqlar apararaq bu prosesi bu günə qədər faktiki olaraq dondurub, yenə də ərazi iddiaları ilə çıxış edib. Buna görə də beynəlxalq təşkilatlr öz təməl sənədlərinə, beynəlxalq hüquq normalarına arxalanaraq təcavzükarın siyasətinə düzgün qiymət verməlidir. Əks halda, bölgədə sülh və sabitliyin mütəmadi şəkildə pozulması mütləqdir”.
Seymur ƏLİYEV