Xəbər verdiyimiz kimi, Türkiyə Cümhuriyyətinin müdafiə naziri və qoşun komandanlarının ölkəmizə səfəri, bu səfər əsnasında səsləndirilən bəyanatlar həm ölkəmizdə, həm də qardaş Türkiyədə böyük marağa səbəb olub.
Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, baş verənləri iki dövlət arasında hərbi əməkdaşlığın keyfiyyət etibari ilə yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirib:
“Azərbaycan və Türkiyə arasındakı hərbi-siyasi əməkdaşlığın strateji müttəfiqlik səviyyəsində olduğu, bu əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyi hər kəsə məlumdur. Lakin son vaxtlar Azərbaycan və Türkiyə hərbi rəhbərliyinin qarşılıqlı səfərləri, bu səfərlər əsasında əldə edilən razılaşmalar, səsləndirilən bəyanatlar sözügedən əməkdaşlığın keyfiyyət etibari ilə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu günlərdə Türkiyənin müdafiə naziri başda olmaqla, qoşun komandanlarının ölkəmizə səfər etməsi, bir daha rəsmi Ankaranın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini, hərbi əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu göstərir.
Hesab edirəm ki, Türkiyə hərbi rəhbərliyinin bu səfəri, habelə səfər əsnasında səsləndirilən bəyanatlar iki dövlət arasındaki səmimi əməkdaşlığın göstəricisi olmaqla yanaşı, həm də işğalçı Ermənistana, o cümlədən işğalçıya himayədarlıq edən dövlətlərə ciddi mesajdır. Türkiyə tərəfi öz addımalrı ilə praktiki şəkildə göstərir ki, o, Qarabağ probleminin hansı müstəvidə həll olunmasından asılı olmayaraq, Azərbaycana hər cür dəstək göstərəcək və onu bu mübarizədə tək qoymayacaq.
Bildiyiniz kimi, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı qədim tarixə, dərin mənəvi köklərə əsaslanır. 1918-ci ildə Bakı məhz türk ordusunun köməyi ilə erməni-bolşevik qüvqələrindən azad olunub, Göyçay ətafında gedən döyüşlərdə işğalçı qüvvələrə ciddi zərbə endirilib. Odur ki, bu gün Türkiyə hərbi rəhbərliyinin ölkəmizə səfəri həm də tarixi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir və bu baxımdan da anti-Azərbaycan qüvvələrinə mesajdır.
Lakin bunu da qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hər hansı üçüncü dövlətin əleyhinə yönəlməyib. Bu əməkdaşlıq beynəlxalq konvensiyalara uyğun şəkildə, digər dövlətlərin hüquqlarına hörmət və ehtiram əsasında həyata keçirilir. Azərbaycan-Türkiyə hərbi əməkşdalığı hər iki ölkənin təhlükəsizliyinin qorunması, o cümlədən regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə hesablanıb və hər hansı dövlətin təhlükəsizliyi üçün təhdid yaratmır. Halbuki, bu gün Ermənistan və işğal edilmiş Azərbaycan torpaqlarında müxtəlif terror təşkilatları, əcnəbi muzdlular və digər qanunsuz silahlı birləşmələr mövcuddur ki, bu qüvvələr sadəcə ölkəmiz üçün deyil, bütün bölgə üçün ciddi təhlükə vəd edir. Bu isə öz növbəsində Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafını zəruri edən amillərdəndir.
Düşünürəm ki, qarşılıqlı səfərlər iki dövlət arasında hərbi əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq, ordumuzun döyüş hazırlığının daha da yüksəlməsi ilə nəticələnəcək. Bu baxımdan, məlum səfərləri ölkəmizin maraqları baxımından zəruri hesab edir və bu əməkaşlığın Qarabağ probleminin həlli məsələsində gec-tez öz qəti sözünü deyəcəyinə inanıram”.
Seymur ƏLİYEV