Sumqayıt şəhər Corat qəsəbə sakini Rəsmiyyə Əliyevanın övladı Əliyev Ceyhun Qədiməli oğlunun Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşı Ədalət Piriyev tərəfindən döyülməsi ilə bağlı açıqlamasına DİN-dən cavab gəlib. Bununla bağlı Moderator.az saytının sualını cavablandıran DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlum iddianın əsassız olduğunu qed edib: "Ceyhun Əliyevin Sumqayıt Şəhər Polis İdarəsində döyülməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur. Rəsmiyyə Əliyevanın bu iddiası onun öz övladını müdafiə etməsi kimi başa düşülməlidir. Əliyev Ceyhun Qədiməli oğlu barəsində Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək maddəsi ilə cinayət işi açılıb. Cari ilin iyul ayında bu şəxs axtarışa verilib. Şəhər polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış,istintaq və s. zəruri profilaktik tədbirlər sayəsində Əliyev Ceyhun Qədiməli oğlu könüllü şəkildə istintaqa təslim olmuşdur. Hazırda istintaq hərəkətləri davam etdirilir. Döyülmə iddiasına gəlincə, bu iddianı təkzib edirik. Polis idarəsində kiminsə, xüsusilə də polisə könüllü şəkildə təslim olan birisinin döyülməsi üçün məntiqi səbəb yoxdur və ola da bilməz. Lakin bununla belə, əgər həmin şəxsin valideyninin əlində bununla bağlı tutarlı faktlar varsa, o zaman aidiyyati instansiyalara müraciət edə bilər. Bu, onun haqqıdır".
Seymur Əliyev