Parisdə səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Suriya helikopterini vurmasından danışıb. Moderator.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, jurnalistlərin suallarını cavablandıran Davudoğlu deyib: “Bu gün günortadan sonra saat 14.25 radələrində bir Suriya helikopteri sərhədimizə 5 mil yaxınlaşdığı an xəbərdar edildi. Amma o, yoluna davam etdi və sərhədlərimizi pozdu. Təkrar xəbərdar edilməsinə baxmayaraq, bu pozuntunu davam etdirildi. Ona görə Türkiyə beynəlxalq hüquqdan gələn və suverenlik haqlarından istifadə etdi. Türkiyə Silahlı Qüvvələri lazımi müdaxilə etdilər və cəzalandırma əməliyyatı keçirildi".
Daha sonra Əhməd Davudoğlu Suriyaya mesaj verib. “Türkiyə öz sərhədləri ilə bağlı hər hansı bir pozuntuya qəti icazə verməyəcək. Suriyadakı böhranın bu və ya başqa şəkildə ölkəmizə bulaşdırılmasına və ya ölkəmizə istiqamətlənən hər hansı bir pozuntuya icazə verməyəcəyik. Sərhədlərimizi və xalqımızın təhlükəsizliyini qorumaqda qərarlıyıq”.