Milli Şura sədri Rüstəm İbrahimbəyov müəmması hələ də davam
etməkdədir. Qurum təsis olunandan bir müddət sonra İbrahimbəyov yaxın
zamanlarda Bakıya gələcəyini bildirsə də, onun gəlişi hələ də baş tutmayıb. Xatırladaq
ki, İbrahimbəyov bir müddət öncə verdiyi bəyanatda ölümə belə hazır olduğunu
demişdi. Lakin davam edən proseslər onu göstərir ki, İbrahimbəyov böyük
ehtimalla seçkilərə qədər Bakıya gəlməyəcək.
Mövzu ilə əlaqədar olaraq Moderator.az-ın sualını cavablandıra ehtiyatda
olan ədliyyə generalı, Milli Şura üzvü Vidadi Mirkamalın bildirdiyinə görə,
İbrahimbəyovun gəlməməsinə səbəb iqtidarın ona qarşı qaldırdığı saxta
ittihamlardır:
“Azərbaycabanda son 20 il ərzində prezidentliyə namizəd olan şəxslər
siyasilər olub. Bu siyasətçilər mübarizədə bərkiyib, möhkəmləniblər.
İbrahimbəyovun isə belə bir təcrübəsi yoxdur. Rüstəm bəyin Azərbaycan müxalifətinə ən böyük tövhəsi o
oldu ki, onun sayəsində 20 il bir masa arxasında olmayan şəxslərin
birliyi yarandı.
İbrahimbəyov sənət adamıdır, siyasətçi deyil. Biz ondan qəhrəmanlıq
gözləməməliyik yenə deyirəm onun Milli Şuranı yaratması çox böyük işdir.
Biz vaxtı ilə Bəxtiyar Vahabzadədən də qəhrəmanlıq umurduq. B.
Vahabzadə 1960-1970-ci illərdə yazdığı əsərlərlə böyük bir inqilabçı nəsil
yetişdirdi.
İbrahimbəyov davamlı siyasətlə məşğul olmaq üçün yaranan bir insan
deyil. O, xalqa, millətə, canı yanan bir
insan kimi üzərinə müxalifəti birləşdirmək üçün missiya götürdü və bunu da
bacardı. İqtidarın İbrahimbəyova qarşı
saxta ittihamlar irəli sürüb əmlaklarına həbs qoymasına baxmayaraq,
İbrahimbəyov öz mövqeyindən bir addım belə geri çəkilmədi”.
Xəyal Əzizov