Gənclər
və idman naziri Azad Rəhimovla AFFA prezidenti Rövnəq Abdullayevin
münasibətlərindəki gərginlik yeni fazaya qədəm qoyub. İdman naziri son
açıqlaması ilə rəqibinə kəskin cavab verib. Bu iki məmurun idman
sahəsində toqquşması, münasibətlərinin kəskin şəkildə pisləşməsi barədə
virtualaz.org hələ avqustun 10-da “İdman naziri Respublika stadionunda ”nokauta
salındı" başlıqlı yazıda məlumat vermişdi.
Həmin məqalədə vurğulanırdı
ki, Rövnəq Abdullayev futbol üzrə Azərbaycan çempionatında çıxış edən klublara
belə bir göstəriş verib: klublar Gənclər və İdman Nazirliyinin balansında olan,
yenicə təmirdən çıxmış Tofiq Bəhramov adına Respublika stadionunun xidmətindən
yararlanmamalıdırlar. Klublar da AFFA rəhbərliyindən gələn bu əmri icra edərək
AFFA-nın nəzdində olan stadionlarda oynamağa üstünlük verirlər.
Təbii ki, bu amil külli
miqdarda dövlət vəsaiti hesabına təmir olunan Respublika stadionunun tam
fəaliyyətsiz qalmasına gətirib çıxarıb.
Gözləmək olardı ki, Rövnəq
Abdullayevin bu addımına nazirdən cavab gələcək. Gözləntilər özünü doğruldub.
Gənclər və idman naziri Azad Rəhimov R.Abdullayevin məsul olduğu sahədəki
durumu kəskin tənqid edərək Azərbaycan futbolunun durumundan narazılığını ifadə
edib. Mətbuata açıqlama verən nazir bildirib ki, futbolda vəziyyət
dəyişməlidir: “Klublarda inkişaf olmalı, onlar öz strategiyalarını
dəyişməlidirlər. Dəfələrlə qeyd olunub ki, dünyanın 10 ən məşhur mütəxəssisi
gələrək burada məşqlərə başlasa, baza və əlində işləməyə yaxşı material olmasa,
biz o nailiyyətləri qazana bilmərik. Futbol elə bir idman növüdür ki, burada
milli komanda uşaqlıqdan məktəb, futbol akademiyası, klubların aşağı yaş
qrupları üzrə heyətləri və gənclərdən ibarət yığmalardan formalaşdırılmalıdır.
Sözsüz ki, bu addımların AFFA tərəfindən atılacağını düşünürəm”.
Əvvəllər AFFA rəhbərliyinin
belə addımlar atdığını, futbolumuzun inkişaf etdiyini deyən nazirin birdən-birə
“AFFA addımlar atmalıdır” deməsinin, ritorikanı qəfildən dəyişməsinin arxasında
başqa məqamlar var.
Moderator.az-ın AFFA-ya
yaxın qaynaqlardan əldə etdiyi məlumata görə, artıq Azad Rəhimov Rövnəq
Abdullayevə qarşı əks-hücuma keçib. Onun kəsərli əks-hücum qurması üçün əlində
yaxşı fürsət də var. Azərbaycan futbolunun rəzil durumda olması AFFA rəhbərini
tənqid etmək üçün nazirə xeyli material verir. Güman ki, bu tənqid hələ ilk
addımdır və Rövnəq Abdullayevə xəbərdarlıq xarakteri daşıyır.
Qaynağımız deyir ki, AFFA
prezidenti idman nazirinə qarşı apardığı mübarizədə geri çəkilməsə, Rəhimovun
tənqidlərinin daha da kəskinləşəcəyi gözlənilir: “Çünki Azad Rəhimov da yaxşı
bilir ki, futbol sahəsində vəziyyət yaxşı olmadığından Rövnəq Abdullayevin
AFFA-dakı kürsüsü laxlayır. Onun bu postdan gedəcəyi gün yaxınlaşır. Rəhimov
isə çoxdandır Abdullayevin gedişinə çalışır. Nazirin son tənqidləri də prosesi
sürətləndirmək məqsədinə xidmət edə bilər”.